Yeni mövsümdə BMW komandasında keçən il çıxış edən altı pilotdan yalnız beşi yerini qoruyub. Braziliyalı Auqusto Farfuş isə DTM çempinatını tərk edərək WEC və WTCR çempionatlarında çıxış etməyə üstünlük verib. DTM kimi çempionatda boş qalan kresloya kifayət qədər namizəd vardır.

Münhen istehsalçısı da artıq Farfuşu əvəzləyəcək yeni pilotun adını açıqlayıb – Şeldon van der Linde. 19 yaşlı Şeldon gənc olsa da, artıq avtoidmanda bir sıra nailiyyətlər əldə edib. O, vətəni olan Cənubi Afrikada Volkswagen Kubokunun ikiqat çempionudur. “Spanın 24 saatı” marafonunda isə, Audi avtomobilində çıxış edən gənc pilot podiuma qalxmağa müvəffəq olub.  

BMW Motorsport rəhbəri Yens Markvardtın sözlərinə görə, Şeldonun seçilməsinə təkan verən amil, Xeresdə keçirilən  testlərdə göstərdiyi güclü çıxış olub. Van der Linde avtoidman ailəsindəndir: onun qardaşı Kelvin GT yarışlarında, əmisi Etyen isə avropa F3000 seriyasında podum qazanıb.

Van der Linde Bart Mampeyin Team RBM komandasının pilotları Filipp Enq və Coel Erikksona qoşulacaq və 2012-ci ilin çempionu Bruno Spenqlerin yerini tutacaqdır. Spenqler isə, Ştefan Reynholdun Team RMG komandasında Farfuşu əvəz edəcəkdır. Onun komanda yoldaşları Timo Qlok və ikiqat çempion Marko Vittmann olacaqdır.