Böyük Britaniyada fəaliyyət göstərən Hexagon Classics şirkəti Ginnesin Rekordlar Kitabına düşmüş dünyanın ən sürətli sedanını satışa çıxarıb. Söhbət, 10 nüsxədə buraxılmış Brabus E V12 modelindən gedir. “Bərkgedən” sedan Mercedes-Benz E-Class (W212) modelinin əsasında yaradılmışdır. Satıcı avtomobil üçün 149.500 funt sterlinq istəyir ki, bu da onun ilkin qiymətinin üçdə biridir.

Dördüncü nəsil Mercedes-Benz sedanını əsas götürən Brabus mütəxəssisləri onu planetin ən güclü və sürətli avtomobillərindən birinə çeviriblər. Kapotun altında 800 at qüvvəsi və 1420 Nm fırlanma anı hasil edən iki turbokompressorlu  6,3-litrlik V12 mühərriki yerləşir. Qeyd etmək gərəkdir ki, mühərrikin fırlanma anı elektronika tərəfindən 1100 Nm həddində məhdudlaşdırılıb. Aqreqatın fırlanm anı arxa oxa gücləndirilmiş beş pilləli avtomatik ötürmələr qutusu və yüksək sürtünməli differensial vasitəsi ilə ötürülür.

Brabus E V12 prototiplərindən biri Nardo trekində 365,7 km/saat həddinə qədər sürətlənərək rekorda imza atıb. Avtomobilin əmtəə versiyasının pasportunda onun maksimal sürəti 370 km/saat olduğu göstərilir. Qeyd etmək lazımdır ki, Brabus E V12 modeli 100 km/saatı 3,7 saniyəyə, 200 km/saatı isə 9,9 saniyəyə toplayır. Sedan 0-dan 300 km/saata 23.9 saniyəyə sürətlənir.

Brabus E V12 modeli avtomobilin genişliyini 36 millimetr artıran karbondan hazırlanmış aerodinamik kuzov dəsti və 19-düymlük Monoblock Q təkər diskləri ilə təchiz olunub. Arxa təkər tağı aerodinamik qapaqla örtülüb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Brabus E V12 modeli 10 nüsxədən ibarət olan məhdud saylı tirajla buraxılıb. Bu avtomobillərin hər biri təxminən yarım milyon avroya satılıb. Satışa çıxarılan avtomobil cəmi 6599 kilometr məsafə qət edib və 149,500 funt sterlinqə təklif olunur.