Müasir müharibələrdə aviasiya vacib rol oynayır. Dünyanın aparıcı dövlətləri inkişaf etmiş aviasiya sənayesinə malikdirlər və müstəqil olaraq döyüş təyyarələri yaratmağa qadirdirlər. Bu gün "ali hərbi-siyasi liqaya" can atan bir sıra dövlətlər (Hindistan, Türkiyə, İran) var, onların hamısı aviasiya sənayesinə böyük diqqət yetirir və bu sahədə ən yeni texnologiyaları əldə etmək üçün var gücləri ilə çalışırlar. Döyüş təyyarəsi yaratmaq imkanı təkcə nüfuz məsələsi deyil, həm də milli təhlükəsizlik məsələsidir.

Eurofighter Typhoon

Ötən əsrin 80-ci illərinin əvvəllərində Avropa ölkələrinin qırıcı donanması artıq dövrün reallıqlarına cavab vermirdi. 60-cı illərdə yaradılan maşınlar (birinci və ikinci nəsil) həm mənəvi, həm də fiziki cəhətdən köhnəlmişdilər. Eyni zamanda, ABŞ-da dördüncü nəsil çoxməqsədli F-16 qırıcılarının seriya istehsalına başlanmışdı, SSRİ-də isə, MiG-29 və Su-27 qırıcılarının üzərində çalışmalar davam etdirilirdi. Amerikalılar Avropadakı müttəfiqlərinə F-16 qırıcılarını israrla təklif etsələr də, lakin Böyük Britaniya, Fransa və Almaniya üçün özlərinin yaratdığı müasir qırıcının olmaması rüsvayçılıq sayılırdı.

Şöhrətpərəstlikdən əlavə, təyyarə inşası kimi vacib bir sahədə iş yerlərini itirməmək istəyi вэ böyük rol oynayırdı. Üstəlik, avropalıların dördüncü nəsil qırıcısına qarşı irəli sürdükləri tələblər, amerikalıların tələblərindən bir qədər fərqli idi. Buna görə də, təxminən eyni vaxtda Avropanın müxtəlif ölkələrində yeni döyüş təyyarəsinin yaradılması üzərində çalışmalar başlandı, sonra isə, ölkələr qüvvələrini birləşdirmək qərarına gəldilər. Beləliklə, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və İspaniyanın aparıcı təyyarə istehsalçılarını özündə cəmləşdirən EFA konsorsiumu yaradılmış oldu.

Eurofighter Typhoon

Bu konsorsiumun fəaliyyətinin nəticəsi dördüncü nəsil Avropa qırıcısı olan Eurofighter Typhoon (EF2000) oldu. Qırıcının kütləvi istehsalına 2003-cü ildə başlandı. Bu gün bu qırıcı İngiltərə, Almaniya, İtaliya, İspaniya, Avstriya və Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələrində xidmətdədir. Eyni zamanda qırıcının Küveyt, Qətər və Omana satılması barədə müqavilələr də imzalanıb.

Ən maraqlısı odur ki, Eurofighter Typhoon dörd müxtəlif modifikasiyada buraxılır. Yəqin ki, bu layihədə iştirak edən hər bir dövlət üçün fərdi modifikasiyanın mövcud olduğu anlaşılandır.

Bu sahədə tanınmış olan mütəxəssislər hazırda Eurofighter Typhoon təyyarəsinin dünyanın ən yaxşı qırıcılarından biri olduğunu hesab edirlər. EF2000-nin son modifikasiyalarını 4+ və hətta 4 ++ nəslinə aid etmək olar. Bu ilin aprel ayına qədər 570 təyyarə istehsal edilib və bir qırıcının qiyməti 123 milyon dollar təşkil edir.

Eurofighter Typhoon

Yaradılma tarixi

Yuxarıda qeyd edildiyi kimi, 80-ci illərin əvvəllərində Avropa ölkələrinin döyüş təyyarələri ABŞ və SSRİ-nin qırıcılarından ciddi şəkildə geri qalırdılar. ABŞ-da yaradılan təyyarələr xüsusiyyətlərinə görə avropalılar üçün o qədər də uyğun deyildi: avropalılar səmada üstünlük uğrunda mübarizə aparacaq və hava hücumundan müdafiə vəzifələrini həll edə biləcək bir qırıcıya ehtiyac duyurdular. Amerikan qırıcıları isə əsasən zərbə etdirmək tapşırıqlarının həllinə yönəldilmiş və orta mənzilli idarəolunan "hava-hava" raketləri daşıya bilmirdilər.

Qırıcının yaradılması ilə eyni zamanda bir neçə Avropa şirkəti məşğul id: İngiltərədə Wae, Almaniya Federativ Respublikasında IMB və Dornier, Fransada Dassault-Breguet. Bu şirkətlərin layihələr oxşar xüsusiyyətlərə malik idi: nisbətən kiçik uçub-qalxma çəkisi və yaxşı dartma xüsusiyyətlərinə  malik olan sadə və ucuz qırıcının hazırlanması planlaşdırılırdı. Buna görə də, çox keçmədən avropalıların güclərini birləşdirmək qərarına gəlməsi heç də təəccüblü deyildi.

1983-cü ildə Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və İspaniyanın Hərbi Hava Qüvvələrinin qərargah rəislərinin iclasında yeni Avropa qırıcısını yaradacaq Eurofighter konsorsiumunun yaradılması qərara alındı.

Eurofighter Typhoon

Bu təyyarə ilk növbədə raket və top silahları olan, həmçinin yer hədəflərinə zərbə endirə bilən qırıcı kimi planlaşdırıldı.

Qeyd etmək lazımdır ki, gələcək qırıcının taktiki və texniki şərtlərin formalaşması mərhələsində konsorsiuma qatılan ölkələr arasında ciddi fikir ayrılıqları yarandı. Fransızlar yalnız quruda deyil, eyni zamanda aviadaşıyıcıda istifadə edilən bir təyyarəyə ehtiyac duyurdular, buna görə də, planerin çəkisinin azaldılmasını təkid edirdilər. Bu isə, digər iştirakçıları qane etmirdi. Nəticədə, 1985-ci ildə Fransa konsorsiumu tərk edərək, özünün Rafale proqramını inkişaf etdirməyə başladı.

Avroqırıcı üçün yüksək dartma nisbətinə malik olan yeni bir mühərrik lazım idi. Bu mühərrikin yaradılması üçün Eurojet adlanan başqa bir konsorsium yaradıldı və bu konsorsiuma Rolls-Royce, FiatAvio və MTU Aero Engines kimi nəhənglər daxil oldu. Yeni qırıcı üçün yaradılan yeni mühərrikin layihəsi EJ200 adını aldı.

Eurofighter Typhoon və Airbus A-400M

Çalışmaların irəliləməsi ilə, kiçik Avropa dövlətləri - Hollandiya, Danimarka, Norveç, Belçika da qırıcıya maraq göstərməyə başladılar. 1988-ci ildə təyyarənin layihələndirilməsi və ilk nümunələrinin inşası üçün müqavilə imzalandı.

Soyuq müharibənin sonu və Sovet İttifaqının dağılması yeni döyüş təyyarəsi yaratmaq layihəsinə təsir göstərmədi. Təxminən yarım əsrdir ki, Avropanı bürüyən güclü bir düşmənlə qlobal müharibə təhlükəsi keçmişdə qalmış oldu. Proqramın (yeri gəlmişkən, çox bahalı bir proqramın) bağlanmasının lazım olduğuna dair səslər eşidilməyə başladı. Bundan əlavə, bir sıra mütəxəssislər yeni təyyarənin daha ucuz sovet MiG-29 qırıcısına uduzduğunu söyləyirdi.

Proqramı müdafiə etmək mümkün olsa da, konsorsiuma verilən sifarişlərin sayı azalmış oldu. 1991-ci ildə təyyarələrinin sınaqlarına başlandı, 1994-cü ildə isə Eurofighter Typhoon ilk uçuşunu həyata keçirdi.

Eurofighter Typhoon

İlkin olaraq, 620 ədəd Eurofighter Typhoon yığmaq planlaşdırılırdı və sifarişlər dörd ölkənin zavodaları arasında qeyri-bərabər şəkildə paylaşdırıldı: İngiltərə - 232 ədəd, Almaniya - 180 ədəd, İtaliya isə 121 ədəd qırıcı təyyarə buraxmalı idi. İspaniyaya 87 qırıcının yığılması həvalə edildi.

1998-ci ildə təcrübə partiyasından olan təyyarələrin istehsalına dair müqavilə imzalandı, 2000-ci ildə isə qırıcının uçuş sınaqları başa çatdırılaraq, onun istismarına icazə verildi.

2002-ci ildə konsorsium Avstriya hökuməti ilə on səkkiz təyyarənin tədarükü edilməsi barədə müqavilə imzaladı, lakin sonradan qırıcıların sayı on beşə endirildi.

Eurofighter Typhoon

2003-cü ildə EF2000 Tranche 1 qırıcılarının konsorsiumun bütün üzv ölkələrinə çatdırılmasına başlanıldı. Növbəti ilin yazında təyyarələr rəsmi olaraq HHQ-lərinə təhvil verildi. Elə həmin il təyyarələrin ikinci partiyasının (Tranche 2) tədarükü üçün müqavilələr bağlanıldı. Qeyd edək ki, Tranche1 və Tranche 2 partiyasından olan qırıcılar arasında ciddi fərqlər mövcud idi. EF2000 Tranche 2 qırıcısında yeni kompüter, təkmilləşdirilmiş avionika paketi, yerdəki hədəfləri məhv etməyə imkan verən daha təkmilləşdirilmiş silah sistemi quraşdırılırdı.

Çoxməqsədli təyyarənin yaradılmasına ehtiyac, xüsusilə, Əfqanıstan kampaniyası başladıqdan sonra kəskinləşdi.

Tranche 2 modifikasiyasından olan Eurofighter Typhoon ilk dəfə 2008-ci ildə səmaya qalxıb. Hal-hazırda, daha güclü mühərriki, tutumlu yanacaq çənləri, daha mükəmməl bortkompüteri, həmçinin aktiv mərhələli antenna qəfəsi olan radarı ilə seçilən Tranche 3 modifikasiyası buraxılır.

Eurofighter Typhoon

Təyyarənin təsviri

Eurofighter Typhoon - XXI əsrin əvvələrində Avropa Hərbi Hava Qüvvələrinin əsasını təşkil edəcək çoxməqsədli döyüş təyyarəsidir.

Qılrıcı "ördək" aerodinamik sxeminə əsaslanır və tam dönən ön üfüqi dayağa malikdir. Qanad üçbucaqlı formadadır, alçaqda yerləşir, aparıcı kənarın oxşəkilli bucağı 53 dərəcədir. Döyüş təyyarəsinin radarlara görünmə səviyyəsini azaltmaq üçün, radar dalğalarını udan materialdan istifadə edilib.

Ön və arxa flaplar ikihissəlidirlər. Eurofighter Typhoon tək kili olan şaquli arxa dayağa malikdir.

Eurofighter Typhoon

Füzelyaj - yarımonokokdur. Pilot atıcı silahların atəşindən zirehli plitə ilə qorunur. Kokpit, pilotu əla görünüş ilə təmin edən, bütöv şəkildə hazırlanmış çərçivəsiz fənər ilə bağlanır. Kokpitdə pilotun istənilən sürət və uçuş rejimində təyyarədən təxliyyə edilməsinə imkan verən katapultlu kreslo quraşdırılıb.

EF2000 qırıcısının korpusu 40% karbondan, 40% müxtəlif alüminium və 12% titan ərintilərindən ibarətdir. Kompozit materiallar təyyarənin səthinin böyük hissəsini (təxminən 70%) təşkil edir ki, bu da onun ESR-nin aşağı olmasını təmin edir.

Yanacaq çənləri füzelyajda və qanad konsollarının kessonlarında yerləşir. Xarici asma nöqtələrində bir neçə çən yerləşdirilə bilər. Havada yanacaq doldurma sistemi də vardır.

Eurofighter Typhoon

Eurofighter Typhoon hər bir sütununda bir təkər olan üçdayaqlı şassi ilə təchiz edilib. Əsas dayaqlar füzelyaja tərəf, ön dayaq isə irəli doğru yığışdırılır. Şassinin konstruksiyası EF2000 qırıcısına o qədər də yüksək keyfiyyətli səthi olmayan uçuş zolaqlarından qalxıb-enməsinə imkan verir. Təcili əyləcləməni həyata keçirmək üçün təyyarə əyləc paraşütü ilə təchiz edilmişdir.

EF2000 qırıcısını yaradarkən "stels" texnologiyalarından istifadə olunub. Təyyarə tamamilə görünməz adlandırıla bilməz, lakin onun effektiv səpələnmə səthi (EPR) əhəmiyyətli dərəcədə azaldılmışdır. Təyyarəni yaradılması zamanı konstruktorlar qarşısında, onun EFR səviyyəsini Tornado təyyarəsi ilə müqayisədə dörd dəfə azaltmaq tapşırığı qoyulmuşdu.

Bu məqsədə çatmaq üçün, təyyarənin quruluşunda kompozit materiallardan geniş şəkildə istifadə olunub, Mühərriklərin ön hissəsi, hava girişlərinin xüsusi quruluşu ilə gizlədilir, xarici asma qurğuları isə, yarıbatmış şəkildə yerləşdiriliblər. Bu ildən başlayaraq, Eurofighter Typhoon, aşağı radio şüalanma səviyyəsinə malik olan aktiv mərhələli antenna qəfəsinin əsasında yaradılmış RLS ilə təchiz edilirlər.

Eurofighter Typhoon və Panavia Tornado

Eurofighter Typhoon qırıcısının güc qurğusu iki Eurojet EJ 200 turboreaktiv mühərrikindən ibarətdir. EJ 200 mühərriklərinin istehsalında ən müasir texnologiyalardan istifadə olunur: bunlara toz materiallarından hazırlanmış disklər, istənilən rejimdə işləyə biləcək rəqəmsal idarəetmə sistemi, monokristallik turbin bıçaqları və inteqrasiya olunmuş diaqnostika sistemi aiddir. Yanma kamerası, onun xidmət müddəti əhəmiyyətli dərəcədə artıran xüsusi saxsı örtüyünə malikdir. Təyyarənin mühərrikinin əsas xüsusiyyətlərindən biri onun modul konstruksiyasdır - mühərrikin sökülməsinə cəmi 45 dəqiqə vaxt tələb olunur.

Eurofighter qırıcısı dünyanın ən etibarlı və möhkəm döyüş təyyarələrindən biri hesab olunur. Əvvəla, bu onun mühərrikinə aiddir - konstruktorlar aqreqatın resursunu 10 min saatlıq istifadə üçün artırıblar.

Eurofighter Typhoon

EF2000 qırıcısının tənzimlənməyən hava girişləri füzelyajın altında yerləşir və əyrixətli alt kənara malikdirlər. Bu, təyyarələrin radar ekranlarında görünmə səviyyəsini azaldır. Hava girişləri şaquli çəpərcik ilə iki müstəqil kanala bölünür və onların hər biri mühərriklərdən birini qidalandırır.

Eurofighter Typhoon ehtiyat mexaniki naqilləri olmayan elektron uçuşa nəzarət sistemi (EDSU) ilə təchiz edilmişdir. Məhz bu sistem təyyarənin yüksək manevr qabiliyyətini, dayanıqlığını və maksimal rejimlərdə pilotaj təhlükəsizliyini təmin edir.

Silahlara nəzarət sistemi PIRATE infraqırmızı ön görünüş sistemindən və ECR90 çox rejimli əlaqəli impuls-doppler radarlarından ibarətdir. PIRATE sistemi xarici asma qurğusunda quraşdırılır və havada və yerdəki hədəflərin axtarışı və təyin edilməsi üçün nəzərdə tutulmuşdur.

Eurofighter Typhoon

Qırıcının naviqasiya sistemi inersialdır, onun tərkibinə halqalı lazer giroskopları, dəbilqədə quraşdırılmış nişangah-indikator, xarici təhdidləri və digər komponentləri təhlil edilməsi, tanıması və prioritetləşdirməsi sistemi daxildir.

Təyyarənin elektronikasının ən bahalı komponenti DASS müdafiə sistemidir. Bu sistem lazer və ya radar şüası qəbul edə bilən çoxsaylı sensorlardan məlumat toplayır və təhlil edir. DASS eyni zamanda, yanıldıcı ötürücüləri, istilik tələlərinin və dipol reflektorlarının atılması sistemi, yedəyə alınan yalançı hədəflər də daxil olmaqla, bir sıra mühafizə elementlərini (həm passiv, həm də aktiv) idarə edir. Radio-elektron mübarizə (EW) sistemlərinin konteynerləri qanad konsollarının uclarında yerləşir.

Qırıcı 13 xarici asma qurğusuna malikdir. Onun adi silahları füzelyajın altında yerləşən dörd orta mənzilli idarəolunan raketdən (İR) və adətən xarici asmanın ən kənar uc qurğusuna asılan iki qısa mənzilli İR-dən ibarətdir. Ümumilikdə, Eurofighter Typhoon 10 ədəd "hava-hava" tipli raketi götürə bilər. Üç asma yanacaq çəni yerləşdirmək də mümkündür.

Eurofighter 27 millimetrlik avtomatik Mauser topu ilə təchiz edilir. Top sağ qanadın kökündə yerləşir. Bundan başqa, təyyarə 6,5 tona qədər müxtəlif bomba yükü götürə bilər.

Eurofighter Typhoon

Layihənin ümumi qiymətləndirilməsi

Eurofighter Typhoon qırıcılarının reytinqləri çox mübahisəlidir. Təyyarənin istehsalçıları yaratdıqları qırıcıya tərif dolu sözlər yağdırırlar (bu təbiidir). Onların sözlərinə görə, EF2000 qırıcısının rus Su-35 təyyarəsi ilə dueldən qalib çıxma ehtimalı 82% təşkil edir və "Tayfun" döyüş effektivliyinə görə, beş MiG-29 təyyarəsinə bərabərdir. Təyyarənin yaradıcıları, həmçinin "Avroqırıcının" geridönmə sürətinə (M 1) görə, Su-35, F-16C, MiG-29 və Fransanın Dassault Rafale qırıcısından üstün olduğuna inanırlar.

Bununla yanaşı, EF2000 haqqında digər fikirlər də mövcuddur. Bir neçə alman aviasiya mütəxəssisi Eurofighter Typhoon təyyarəsinin həm avionika, həm də uçuş performansı baxımından MiG-29M-dən geridə qaldığı qənaətinə gəliblər.

Daha bir fikir. Eurofighter Typhoon qırıcısının kütləvi istehsala başlamazdan əvvəl konseptual olaraq köhnəldiyi bildirilir. Bu, olduqca məqbul görünür. ABŞ və SSRİ-də dördüncü nəsil qırıcıların yaradılması üzərində işlər keçən əsrin 60-cı illərinin ortalarında başlamışdı və 80-ci illərdə bu təyyarələr artıq kütləvi istehsal edilirdilər. Avropalılar isə,həmin illərdə yeni qırıcının layihələndirməsinə başlamışdılar.

Eurofighter Typhoon

Bildiyimiz kimi, 1990-cı ildə beşinci nəsil qırıcıların ilk nümayəndəsi olan amerikan F-22 Raptor təyyarəsi ilk uçuşunu həyata keçirmişdi. Artıq kütləvi istehsalına son verimiş Raptor bir çox cəhətdən dördüncü nəsil təyyarələrdən üstündür.

Rus mütəxəssilər bütün xüsusiyyətlərinə görə Eurofighter Typhoon qırıcısının 4 ++ nəsilinə aid olan rus Su-35 qırıcısına uduzduğunu iddia edirlər. Xatırladaq ki, Su-35 təyyarəsi 2014-cü ildə istifadəyə verilib və kütləvi şəkildə istehsal olunur.

Bu gün təyyarə istehsalçıları altıncı nəsil qırıcıların konstruksiyası barədə düşünməyə başlayıblar, lakin bu nəsildən olan ilk təyyarənin səmaya qalxmasını çox gözləməli olacağıq.

Eurofighter Typhoon

Bütün bunlara baxmayaraq, Eurofighter Typoon şübhəsiz ki, dövrümüzün ən yaxşı döyüş təyyarələrindən biridir. O, bəzi cəhətlərinə görə ən son rus və amerikan qırıcılarına uduzsa da, amma yenə də Typhoon çox qorxulu və təhlükəli bir rəqibdir.

Bu təyyarədə ilk dəfə EMF sistemindən istifadə edilib. "Stels" texnologiyalarından rasional istifadə onun radarlara görünmə səviyyəsini əhəmiyyətli dərəcədə azaldıb, lakin onu həddindən artıq bahalaşdırıb. Eurofighter Typhoon səsdən yüksək kreyser sürətinə malikdir ki, bu da onu beşinci nəsil qırıcılarına yaxınlaşdıran cəhətlərdən biridir.

Bütün bunlar Avropadakı təyyarə istehsalının çox yüksək səviyyədə olduğunu göstərir. Əgər bir gün avropalılar beşinci nəsil qırıcı qurmaq qərarına gəlsələr, onların rəqibləri (ABŞ, Rusiya və Çin) çətin anlar yaşayacaqlar.

Uçuş performansı

  • Istehsalçı: Eurofighter GmbH
  • Model: Eurofighter Typhoon
  • Qanadların uzunluğu: 10,95 m
  • Qanadların sahəsi: 50 m2
  • Çəki kq
  • boş təyyarə: 11.000
  • maksimum uçuş çəkisi: 23.500
  • Yanacaq: 4996 kq 
  • Silah yükü: 7500 kq
  • Mühərrik: 2 ədəd Eurojet EJ 200
  • Dartma: 2x60,0 kH
  • Maksimal dartma: 2x90,0 kH
  • Maksimum sürət: km/saat
  • 11000 metr yüksəklikdə:  2120 (M = 2.0)
  • yer səthinə yaxın: 1390 (M = 1.2)
  • Minimum sürəti: 203 km/saat 
  • Yüksəlmə sürəti: 315 m/s
  • Döyüş radiusu, km
  • qırıcı rejimində: 1390
  • zərbə təyyarəsi rejimində: 601
  • Praktik tavan: 19812 m
  • Heyət: 1 nəfər
  • Silah: 27 millimetrlik Mauser BK27 avtomatik topu
  • Silah yükü: 7500 kq