Tokyo 2017: Mitsubishi e-Evolution - elektrikin təkamülü

Mitsubishi Motors şirkəti Tokyo avtosalonunda e-Evolution konseptual krossoverini geniş kütlə qarşısında nümayiş etdirib. Artıq söylənildiyi kimi, prototipin seriya variantı Lancer Evolution modelinin davamçısı olacaqdır.

Yeni avtomobil üç elektromotora və süni intellektin əsasında hazırlanmış fərdi köməkçiyə sahibdir.  Elektromotorların hansı növ batareyalardan qidalandığı açıqlanmayıb. Batareyalar dəsti avtomobilin döşəməsinin mərkəzi hissəsində yerləşdirilib. Prototipin dinamik xarakteristikaları da açıqlanmayıb. Yapon istehsalçısı yalnız konseptin S-AWC tam çəkiş sistemi ilə təchiz edildiyini bildirib ki, bu sistem də mühərriklərindən birinin ön oxda, ikisinin isə arxa oxda yerləşdirilməsini nəzərdə tutur.  Bundan əlavə, sistemə elektronika ilə idarələnən aktiv arxa differensial bloku da daxil edilib.

Konseptin “beyin mərkəzi” süni intellektin əsasında yaradılan fərdi köməkçidən ibarətdir. Bu köməkçi, sürücü və elektron sistemlərin birgə fəaliyyətini yol şəraitindən asılı olaraq koordinasiya edir.

Bundan başqa, xüsusi tədris proqramı da mövcuddur ki, sistem sürücünün bacarığını qiymətləndirərək, ona təlim proqramını təklif edəcəkdir.

Buraya səslə verilən və ya ismarıclar vasitəsi ilə cihazlar panelində göstərilən məsləhətlər daxildir. Fərdi köməkçi sürücü ilə ünsiyyət qura da bilər: bunun üçün səsin tanınması və onun təhlili  funksiyası olan xüsusi texnologiyalardan istifadə edilir. Beləliklə, səslə fənərləri, klimat-kontrolu və ya şüşəsilənləri idarə etmək mümkündür. Mitsubishi e-Evolution modelinin eksteryeri yapon markasının son dizayn üslubunda yaradılıbdır. Avtomobil ənənəvi radiator barmaqlığından da məhrum edilib - o arxasında kamera və sensorlar yerləşdirilən şüşə panel əvəzləyib.

Eyni zamanda, konsept hidravlik deyil, elektrik ötürücüsü olan əyləc mexanizmləri ilə təchiz edilblər.

ДРУГИЕ СТАТЬИ