Nyu-York 2018: Subaru beşinci nəsil Forester modelini təqdim edib

Subaru şirkəti dünən işinə başlamış Nyu-York avtosalonunda beşinci nəsil Forester krossoverini nümayiş etdirib. Yeni krossover yapon istehsalçısının SGP modul platformasında inşa edilibdir.

Hər zaman olduğu kimi, Subaru dizaynerləri yeni modelin dizaynının yaradılmasına konservativ yaxınlaşıblar. Avtomobilə nəzər saldıqda krossoverin yeni deyil, yenilənmiş olduğuna qənaət gətirmək olar. Maraqlıdır, o zaman Subaru dizaynerləri nə üçün əziyyət çəkərək cəlbedici dizayna malik olan konseptlər yaradırlar?

Yeni Subaru Forester modelinin qabarit uzunluğu 4625 millimetr, eni - 1815 millimetr, hündürlüyü - 1730 millimetr, təkər bazasının uzunluğu isə 2670 millimetr olub. Beləliklə, yeni krossover sələfindən 15 millimetr uzun, 20 millimetr enli və 5 millimetr alçaqdır.

Beşinci nəsil Forester modelinin yeni platformaya «əyləşməsi» onun təkər bazasının 30 millimetr uzadılması ilə nəticələnib ki, bu da yeni modelin salon genişliyinin artırılmasından xəbər verir. Krossoverin qapıları daha geniş açılır, qapı girişləri optimallaşdırılmış, baqaj bölümünün girişi genişləndirilmişdir. Bu səbəbdə də yeni Forester modelinə əyləşmək və ya onu yükləmək daha rahat olub.

Forester 220 millimetrlik klirensə malikdir ki, bu da onun  yaxşı ofroud imkanlarından xəbər verir. Əlbəttə ki, firma tam çəkiş sistemi və idarəetmə elektronikasının rejimləri də qorunub-saxlanılıbdır.

ABŞ bazarında yeni Forester 182 at qüvvəsi hasil edən 2,5-litrlik oppozit mühərriki və Lineatronic variatoru ilə təklif ediləcəkdir. Subaru nümayəndələri mühərrikin 100 kilometrə 7,1 litr sərf etdiyini və daha yaxşı akustik komforta malik olduğunu iddia edirlər.

Texnologiyalar və təchizat sahəsində də proqress vardır. Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən multimedia sistemi Wi-Fi giriş nöqtəsinə sahib olub. EyeSight təhlükəsizlik kompleksi avtomobilin standart təchizatına daxil edilibdir. Bundan başqa, Driver Focus sistemi sürücünü üzündən tanıyır və onun vəziyyətini mimikasından müəyyən edir. Sürücü yorğun olarsa elektronika onun avtomobili saxlayaraq dincəlməsini tövsiyyə edir. Forester ABŞ-da dörd təchizat səviyyəsində - Premium, Limited, Touring və Sport variantlarında təklif ediləcəkdir.

Sonuncu modifikasiya aktiv dincəlməyə üstünlük verənlərə ünvanlanıb. Bu modifikasiyanın təchizatına variatorun sükanaltı dəstəkləri, yük bölümünün işıqdiodlarından işıqlandırması, xüsusi 18-düymlük təkər diskləri, spoyler, həmçinin eksteryer və interyerin narıncı haşiyələri daxildir.

ДРУГИЕ СТАТЬИ