Amerika Birləşmiş Ştatlarının Ətraf mühitin qorunması agentliyi (EPA) Fiat Chrysler Automobiles (FCA) ittifaqını zərərli tullantıların səviyyəsini azaldan aldadıcı avadanlıqdan istifadə etməkdə ittiham etmişdir.

Ekoloqlar real şəraitdə ittifaqın bir sıra dizel mühərriki ilə təchiz edilmiş modellərində zərərli tullantıların yüksək səviyyəsini aşkar etmişdirlər. Belə avtomobillərin sayı 100 mindən yuxarı olduğu bildirilir. EPA-dan FCA ittifaqının avtomobillərində vaxtaşırı olaraq zərərli tullantıların təmizlənməsi effektivliyini azaldan minimum səkkiz avadanlıqdan istifadə edildiyini bildirmişdirlər. Bu hallar, misal üçün, sürətlənmə və ya yüksək sürətlə hərəkət zamanı baş verir. Beləliklə, avtomobillər tullantıların səviyyəsinin standart ölçülməsini uğurla keçsə də real həyatda zərərli tullantıların həcmi daha artıqdır. Söhbət əsasən azot oksidindən gedir.

Başı bəlalı 3,0-litrlik dizel mühərriki

Barəsində istintaq aparılmış avtomobillərin sırasında 3,0-litrlik dizel mühərriki ilə təchiz edilən 2014-2016-cı illərdə buraxılmış Jeep Grand Cherokee və Dodge Ram avtomobilləri vardır.

ABŞ-da istifadə edilən belə avtomobillərin sayı 104 min ədəd təşkil edir. EPA-dan həmçinin, FCA ittifaqı tərəfindən məqsədyönlü şəkildə aldadıcı avadanlığın tətbiq edildiyi faktının gizlədildiyi bildirilmişdir. Artıq ittifaqın ABŞ-dakı nümayəndələri baş verənlərə reaksiya göstərərək rəsmi bəyanat hazırlamışdırlar.

Bəyanatda FCA tərəfindən istehsal edilən avtomobillərin ekoloji tələblərə cavab verdiyini və yalnız zərərli tullantıların səviyyəsinə nəzarət edən icazə verilmiş avadanlıqla təchiz edildiyini  bildirmişdirlər.

Jeep Grand Cherokee

Xatırladaq ki, 2015-ci ilin payızında EPA Volkswagen konsernini dizel avtomobillərin zərərli tullantılarının həqiqi həcmini gizlətməkdə ittiham etmişdir. İlkin olaraq, belə avtomobillərin sayının yarım milyona yaxın olduğu bildirilsə də, sonradan onların sayının 11 milyon olduğu bildirilmişdir. VW isə onlarla milyard dollarlıq cərimə və kompensasiya ödəməyə razılıq vermişdir.

Dodge Ram