Ferrari şirkəti 488 GTB modelinin davamçısını təqdim edib. Ferrari F8 Tributo adını almış superkar markanın tarixindəki ən güclü V8 mühərriiki və yan sürüşmələrin bucağına nəzarət edən SSC sisteminin yenilənmiş versiyası ilə təchiz edilib. Bu mühərrik Ferrari 488 Pista ekstremal modelindən tanışdır.

Ferrari F8 Tributo modelinin dizaynı italyan markasının dizayn mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. Yeni üslub gələcək Ferrari modellərinin görünüşünün hansı istiqamətdə inkişaf edəcəyindən xəbər verir. Yeni superkar sələfindən 50 at qüvvəsi güclü və 40 kiloqram yüngüldür. Modelin 3,9-litrlik mühərriki 720 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edir. F8 Tributo modeli 100 km/saat həddinə 2,9 saniyəyə 200 km/saat həddinə isə 7,8 saniyəyə sürətlənir. Superkarın maksimal sürəti 340 km/saatdır.

Superkarın aerodinamik elementləri yarış avtomobillərinin aerodinamik kuzov dəstlərinin təkamülüdür. F8 Tributo modeli sələfi ilə müqayisədə 10% yaxşılaşdırılmış aerodinamikaya sahibdir. Qeyd etmək lazımdır ki, avtomobilin bir sıra texnologiyaları  Ferrari 488 Pista modelindən götürülüb. Buna misal olaraq, istiliyi mühərrikdən uzaqlaşdırma sistemini göstərmək olar. Söhbət bucaq altında yerləşdirilmiş arxa radiator və arxa spoylerin kənarlarındakı hava girişlərindən gedir.

Ferrari F8 Tributo yenilənmiş Side Slide Angle Control sistemini də əldə edib. Bu sistem avtomobilə yana sürüşmələrlə hərəkət  zamanı nəzarət etməyə imkan verir. Bundan başqa, superkar əyləc mexanizmlərindəki təzyiqi fərdi şəkildə tənzimləyən Ferrari Dynamic Enhancer sisteminin yaxşılaşdırılmış variantını və hərəkət rejimlərinin Race profilinə sahib olub.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Salon əvvəlki arxitekturasını qoruyub-saxlasa da, ön panelin, qapıların və mərkəzi tonnelin hər bir elementi yenidən hazırlanıbdır. F8 Tributo yeni sükan çarxını, 7,0-düymlük displeyi olan HMI multimedia sistemini və avtomobilin çəkisini alaltmağa imkan verən opsional dəsti əldə edib.