Ferrari şirkəti məhdud sayda tirajla istehsal ediləcək Monza SP1 və SP2 sportkarları təsvir edilən videoçarxı dərc edib. Bu videoda eksklyuziv avtomobillərin güc aqreqatlarının səsini də dinləmək olar.

Xatırladaq ki, Monza SP1 və SP2 barkettaları keçən ilin sentyabrında keçirilmiş bağlı tədbirdə təqdim edilib. Avtomobillər 812 Superfast modelinin bazasında inşa edilmiş və 1950-ci illərin Ferrari modellərini xatırladan üslubda dizayna malikdirlər.

Superkarların qabarit uzunluğu 4657 millimetr, eni - 1996 millimetr, hündülüyü isə 1155 millimetr təşkil edir. Monza SP1 modelinin çəkisi 1500, Monza SP2 modelinin çəkisi isə 1520 kiloqramdır. Superkarlar 810 at qüvvəsi və 719 Nm fırlanma anı hasil edən 6,5-litrlik V12 mühərriki və iki muftalı yeddi diapazonlu robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilirlər. Superkarlar 100 km/saat həddinə 2,9 saniyəyə, 200 km/saat həddinə isə 7,9 saniyəyə sürətlənirlər. Onların maksimal sürəti 300 km/saatdır. 

Artıq bildirdiyimiz kimi, Ferrari Monza SP1 və Monza SP2 modelləri 200 nüsxədən ibarət məhdud sayda tirajla buraxılacaqdır. Avtomobillərin qiyməti barədə məlumat verilməyib.