Bu günə qədər casuslar Ferrari markasının ilk krossoveri olacaq Purosangue modelini tam yaxalaya bilməyiblər. Yeni modelin kamuflyaja bürünmüş prototipləri ümumi istifadə yollarında və şimaldakı sınaqlar zamanı çəkilsə də, avtomobili yaxından çəkmək heç kimə qismət olmalışdı. Lakin, necə deyərlər, hər şeyin bir sonu var. Bu günlərdə casuslar Purosangue modelinin prototiini yaxalayaraq, bolluca şəkil çəkməyə müvəffəq olublar.

Casus şəkillərini əldə edən Autoexpress nəşrinin dizaynerləri yeni krossoverin renderlərini hazırlayıblar. Renderlərdən göründüyü kimi, krossover italyan markasının superkarlarının üslubunda görünüşə malik olacaq və krossoverdən daha çox hündür klirensli liftbekə bənzəyəcəkdir.

Krossoverin elektrikləşdirilmiş güc qurğusunu alacağı məlumdur. 2018-ci ildə Ferrari modelin əsas elementlərinin təsvir olunduğu sxemi dərc edib. Bu sxemdə hibrid güc qurğusunun arxada ötürmələr qutusu ilə birlikdə yerləşdiyi görünür. Böyük ehtimalıa transmissiya SF90 Stradale modelindən götürülmüş iki muftalı "robotdur".

Ferrari Purosangue modeli, elektrik əlavələr də daxil olmaqla V6, V8 və V12 mühərrikləri ilə təchiz etməyə imkan verən Front Mid Engine Architecture platforması üzərində inşa ediləcəkdir. İri mühərrik bölməsinin olması, Purosangue prototipinin 12-silindrli mühərrik ilə təchiz olunduğuna dəlalət edir: buna GTC4Lusso və V12 mühərrikli 812 Superfast modellərindəkini xatırladan buraxılış sisteminin çıxış boruları da işarə edir. Belə bir mühərrik krossoverin top versiyasında quraşdırıla bilər. "Baza" modeli isə, daha sadə V6 mühərriki ilə təklif ediləcəkdir.

Image alt Image alt Image alt

Lakin, Ferrari şirkətinin marketinq üzrə direktoru Enriko Qallyeranın bildirdiyinə görə, V12 mühərriki avtomobili çox ağır edə bilər, odur ki, kiçik həcmli mühərriklərin elektrikləşdirilməsi daha məqsədəuyğundur. Bununla yanaşı, şirkət rəsmisi gərək olduğu təqdirdə, istənilən mühərriki elektrikləşdirməyə hazır olduqlarını da əlavə edib.