Ferrari şirkətinin başçısı Sercio Markionne “Top Gear” dərgisinə verdiyi müsahibədə əfsanəvi 250 GTO modelinin yenidən buraxılacağı barədə şayiələrə aydınlıq gətirib. Şirkət rəhbəri belə variantı nəzərdən keçirdiklərini təsdiq edib.

Eyni zamanda, Markionne  Jaguar E-Type Lightweight modelindən fərqli olaraq, yeni avtomobilin əvvəlki modelin dəqiq surəti olmasını istəmədiklərini də xüsusi olaraq vurğulayıb. “Mən indiyə qədər “yenidən buraxılmış” termini ilə mübarizə aparıram. Jaguar ağıllı addım atıb, lakin 250-ci modeli yenidən yaratmaq çox çətindir. Keçmişin boynunda oturmaq pis adətdir, - Markionne bildirib. – Buna baxmayaraq, yaxın bir neçə il ərzində nəyi isə göstərə biləcəyik”.

Ferrari 250 GTO Qrand-tureri 1962-ci ildən 1964-cü ilə qədər avtomobillərin FIA GT3 kateqoriyasında omoloqasiya edilməsini həyata keçirmək məqsədi ilə istehsal edilib. Cəmi 39 belə avtomobil istehsal edilibdir ki, bunların arasında daha güclü mühərrikə və 330 GTO indeksinə sahib olan üç avtomobil də varmış. Berlinetta kuzovuna malik olan Ferrari 250 GTO modeli 300 at qüvvəsi hasil edən 3,0-litrlik Tipo 168/62 V12 mühərriki ilə təchiz edilib. Güc aqreqatı beş pilləli mexaniki transmissiya ilə tandemdə çalışırmış.

250 GTO modelinin avtoidmandakı nailiyyətləri arasında, avtomobiin debüt etdiyi “Sebrinqin 12 saatı” marafonundakı  ikinci yer və Sportkarların dünya çempionatında 1962, 1963 və 1964 illərdə əldə etdiyi qələbələr vardır.