Sebastyan Fettel Monrealdakı təsnifat mərhələsində qalib gələrək, Kanada Qran Prisinin poulunu əldə edib. Bu, Fettelin cari mövsümdə əldə etdiyi ilk pouldur.

Sıralama sessiyası boyunca Mercedes və Ferrari pilotları sürətli zamanlara imza atıblar. İlk seqmentdə Fettel və Lekler, ikinci seqmentdə isə Həmilton və Bottas protokola başçılıq ediblər. Üçüncü seqmentdə isə nəticələr qarışıb. «Şənlik» rejimini qoşan Həmilton inanılmaz 1.10,446 zamana imza atıb. Lakin, Fettel daha möhtəşəm pilotaj nümayiş etdirərək, britaniyalının zamanını 0,206 saniyə yaxşılaşdırıb.

Son seqmenti Lekler üçüncü nəticə ilə başa vurub. Monakolu komanda yoldaşından 0,680 saniyə geridə qalıb. Valtteri Bottas üçün də üçüncü seqment o qədər də asan keçməyib: bolidin idarəetməsini itirən fin pilot ehtiyatlı davranıb və yalnız altıncı nəticəni göstərib. Daniel Rikkardo isə dördüncü nəticəni göstərərk günün sensasiyasına imza atıb. 

İkinci seqmentdə Mercedes və Ferrari pilotları ən yaxşı zamanlarını Medium şinləri ilə göstəriblər. Bu o deməkdir ki, onlar yarışı məhz bu şinlərlə başlayacaqdırlar və çox güman ki, top komandalar tez aşınan Soft şinlərindən istifadəı etməyəcəkdirlər.

Ən maraqlısı odur ki, Maks Ferstappen üçüncü seqmentə adlaya bilməyib və buna səbəb Kevin Maqnussenin son döngədəki qəzası olub. İş orasındadır ki, Maks Mercedes və Ferrari pilotları kimi ikinci seqmentdə Medium təkərindən istifadə etmək qərarına gəlib. Lakin, onun göstərdiyi vaxt kifayət etməyib və Maks Soft ilə ikinci cəhdə çıxıb.

Kevinin qəzası və sessiyanın dayandırılması holland pilotun üçüncü seqmentə adlamaq şansını sıfıra endirib. Maqnussenin qəzası onun komanda yoldaşı Romen Qrojanı da cəhdindən edib. Kevin isə, göstərdiyi zaman sayəsində ilk onluğa daxil olmağı bacarıb.