Finlyandiyanın VTT elmi-tədqiqat mərkəzi qarlı yollarda nişanların görünmədiyi şəraitdə avtomobili idarə edən avtopilot sistemini yaradıb. Bu barədə təşkilatın rəsmi bəyanatında bildirilir.

Hazırda VVT mərkəzi Martti adlandırılan hərəkət prototipinin sınaqlarını uğurla başa vurub. Volkswagen Touareg avtomobilinin bazasında yaradılan prototip mürəkkəb hava şəraitində (qar yağarkən və qarla örtülmüş yollarda) tapşırıqları uğurla yerinə yetirərək 40 km/saat həddinə qədər sürətlənib. Mühəndislər avtomobilin daha sürətlə hərəkət edəcəyini bildiriblər.

Bununla belə, onlar hələlik sürəti elektronika vasitəsi ilə məhdudlaşdırdıqlarını da etiraf ediblər. Sonradan mühəndislər avtopilot sisteminin radarlarını təkmilləşdirməyi nəzərdə tutublar. Onlar avtopilot sistemini ətraf infrastruktur ilə ünsiyyət qumağı öyrədəcək və onu daha mürəkkəb hava şəraitində sınaqdan keçirəcəkdirlər.