Yenidən həyata qaytarılmış Ford Bronco ofrouderi ilə birlikdə, Bronco Sport krossoveri də debüt edib. Lakin, oxşar ad sizi yanıltmasın - bu avtomobillər tamamilə fərqlidirlər. "Böyük" Bronco ilə Bronco Sport krossoverini bağlayan yalnız adları və ümumi dizayn üslubudur. Ford Bronco Sport modelinin əsas hədəfi Jeep Compass krossoveridir.

Uzunluğu 4386 millimetr olan krossoverin əsasını Kuga/Escape və Focus modellərindən tanış olan köndələn mühərrikli təkmilləşdirilmiş platforma təşkil edir. Oxlar arasındakı məsafə 2670 millimetrdir ki, bu da daha böyük Kuga modelində olduğundan 40 millimetr azdır.

Yeni Ford Bronco Sport krossoveri üçün baza mühərriki olaraq, 183 at qüvvəsi və 259 Nm fırlanma anı hasil edən 1,5-litrlik benzin turbomühərriki təyin edilib. Bununla belə, əlavə ödənişlə, 248 at qüvvəsi və 373 Nm fırlanma anına malik olan 2,0-litrlik dördsilindrli turbomühərriki də sifariş etmək olar.

Hər iki mühərrik alternativsiz 8-pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Lakin, krossoverin əfsanəvi ailəyə mənsub olduğunu bir daha vurğulamaq üçün, Ford şirkəti ön ötürməli versiyasını təklif etməmək qərarına gəlib: Bronco Sport krossoverinin standart təchizatına arxa oxu qoşan muftası olan tam ötürmə sistemi daxil edilib.

Ford şirkətindən ucuz təchizat səviyyəsinə malik olan krossoverlərin klirensinin 198 millimetr olacağını bildiriblər. Bununla belə, xarici diametri 29 düym olan şinlər və iri təkər diskləri ilə təchiz edilmiş məhdud saylı First Edition top versiyasının klirensi 223 millimetrə çatacaqdır. Transmissiyanın iş rejimini seçmək imkanı Bronco Sport modelinə yolsuzluqda özünü yaxşı tərəfdən göstərməkdə yardım etməlidir - əlbəttə ki, bir krossover üçün.

Ford Bronco Sport modelinin interyerində qohum Kuga/Escape modellərindən götürülmüş bir çox detallara rast gəlmək olar. Lakin, Bronco modelində olduğu kimi, döşəmədəki drenaj sistemindən söhbət gedə bilməz: odur ki, krossoverin salonunu su şırmağı ilə yumağı yaddan çıxarmaq lazımdır.

Bununla belə, ailə ilə uzun səfərlər edənlərə, çoxlu sayda faydalı əşyalar təklif edilir. Krossoverin bahalı versiyalarının salonlarında çoxsaylı bərkitmə dəstləri, qarmaqlar və xırda əşyalar üçün bölmələr mövcuddur.  Bunlara misal kimi, ön oturacaqların arxa hissəsindəki bağlanan cibləri, oturacaqların altındakı bölmələri göstərmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Krossoverin baqaj bölməsi əlverişli rezin örtüyə malikdir. Baqaj bölümünün girişində quraşdırılmış şüşə qapağı açan bir çoxlarının xoşuna gələcəkdir. Səkkiz düymlük sensorlu ekranı olan Sync 3 multimedia sistemi standart avadanlıqlar siyahısına daxil edilib, 6,5-düymlük virtual cihazlar paneli isə yalnız bahalı versiyaların imtiyazıdır.

ABŞ-da yeni Ford Bronco Sport modelinin qiymətləri 26.660 dollardan başlayır. Müqayisə üçün, tamötürməli Jeep Compass Sport 23,780 dollara satılır. Krossover, birbaşa rəqiblərinin əksəriyyəti üçün sadəcə əlçatan olmayan, geniş fərdiləşdirmə variantlarını təklif edir.

Məlum məsələdir ki, əlavə opsiyalar qiyməti ciddi şəkildə artıra bilər. Şirkət əvvəlcədən sifarişləri qəbul etməyə başlayıb - avtomobil üçün 100 dollarlıq beh vermək kifayətdir. İlk seriya krossoverlərinin müştərilərə çatdırılmasına bu ikin payızında başlanmalıdır.