Dördüncü nəsil Focus modelinin təkamülü iki paralel istiqamətdə gedir. Avropa və Çin üçün nəzərdə tutulan avtomobillərin plan üzrə modernləşdirilməsi bir-birindən asılı olmayaraq həyata keçirilir, ona görə də, bu avtomobillər fərqli görünüşə malikdirlər. Çindəki Ford Focus modeli 2020-ci ilin sonunda qismən yenilənib. Yenilənmənin ikinci mərhələsi indi baş tutub və Ford konserninin yerli filialının xüsusi ümid bəslədiyi ST-Line “idman” versiyasına da təsir göstərib.

Restaylinq Ford şirkətinin Şanxaydakı yerli studiyası tərəfindən həyata keçirilib. Artıq Focus ST-Line versiyasının öz siması var - “idman”  versiyası baza modelinə bənzəsə də, orijinal elementləri ilə seçilir: onun təkcə bamperi və radiator barmaqlığı deyil, hətta ön LED fənərlər və kapotu da fərqlidir.

Yeni 18-düymlük təkər diskləri də peyda olub, lakin həm sedanın, həm də hetçbekin arxa hissəsinin tərtibatı dəyişməyib. Çində Focus universalı da var, lakin o, ST-Line versiyasında təklif edilmir.

Yenilənmiş modelin interyeri 2020-ci ilin Focus modeli ilə eynidir: burada səkkiz düymlük cihazlar paneli və 12,3-düymlük sensorlu ekranı olan Sync 4 media sistemi var. ST-Line versiyasının seçilən xüsusiyyətləri - qalın sükan çarxı, qırmızı tikişlər və xırda dekordur.

Daha sərt yayları və stabilizatorları olan idman asqısı qorunub saxlanılıb, klirens isə 10 millimetr azaldılıb. Əsas odur ki, modernləşdirmə Focus ST-Line modelinə yeni mühərrik gətirib!

1,5-litrlik Ecoboost “turboüçlüyü” eyni həcmli “turbodördlüklə” əvəz edilib. Güc simvolik olaraq 174-dən 177 at gücünə yüksəldilsə də, fırlanma anı dəyişməyib (243 Nm). Bununla belə, qısa müddət ərzində yeni mühərrik 270 Nm-ə qədər fırlanma anı hasil edə bilər - məsələn, ötmə zamanı.

Ötürmələr qutusu ilə Ford şirkəti bir addım geri çəkilmiş kimi görünür: səkkiz pilləli “avtomatın” əvəzinə o, indi Focus modelinin daha az güclü versiyalarında quraşdırılan altı pilləli transmissiya quraşdırılır. Lakin nəticə gözlənilməz olub: Ford Focus ST-Line indi 100 km/saat həddinə əvvəlki 8,9 saniyənin əvəzinə 7,9 saniyəyə sürətlənir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Çin bazarında yenilənmiş Focus ST-Line yayın sonundan əvvəl satışa çıxarılacaqdır. Satışların başlanğıcında kuzovdakı zolaqlar kimi genişləndirilmiş idman dekoruna malik olan Ford Focus S Edition sedanı da təklif olunacaqdır. Hazırda yenilənmədən əvvəlki avtomobillərin Çindəki satış qiyməti 22 700 dollardan başlayır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.