İyunun əvvəlində debüt edən yığcam Ford Maverick pikapı Avropa bazarında satılmayacaqdır. Bunun səbəbi kimi, avropalıların arasında belə avtomobillərə tələbatın az olması göstərilir.

Bu barədə məlumatı amerikan istehsalçısının daxilindəki mənbəyinə istinad edən Automotive News nəşri yayıb. Bundan əvvəl, eyni səbəbdən, Renault şirkəti Alaskan pikapının Avropadakı satışları dayandırıb, Nissan isə, Navara pikapını Avropadakı model xəttindən çıxarılması barədə qərar verdiyini açıqlayıb. Öz növbəsində, Mercedes-Benz şirkəti də X-Class pikapının istehsalına tamamilə son verib.

Maverick modeli Avropada satılmasa da, Ford yerli bazarda pikap təklif edən nadir avtomobil istehsalçılarından biridir.

Söhbət Ford Ranger modelindən gedir - bu pikap bölgədəki seqmentin lideri olaraq qalmaqla yanaşı, satış həcmində artım da göstərib: 2021-ci ilin birinci rübündə avropalılar 12 min  Ranger pikapını alıblar ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 44% çoxdur.

Ford Maverick modelinə gəldikdə isə, pikap amerikan markasının model çeşidindəki ən kiçik pikap olmaqla yanaşı, eyni zamanda, bu seqmentdə standart olaraq hibrid güc qurğusu ilə təklif edilən ilk pikapdır.

Ford Maverick pikapı Atkinson dövrü üsrə işləyən 2,5-litrlik benzin mühərriki və PowerSplit pilləsiz variatoru ilə təchiz edilir. Hibrid güc qurğusu 194 at qüvvəsi və 210 Nm fırlanma anı hasil edir. Yığcam hibrid pikap 100 kilometrə 5.88 litr yanacaq sərf edir. (c) Autograph.az