Ikiqat dünya çempionu Fernando Alonso McLaren komandası ilə müqaviləni uzatmamışdan öncə, Renault mühərrikçilərinin 2018-ci ilə olan planları ilə tanış olmaq niyyətdindədir.

Cümə günü Uokinq komandası Honda ilə vidalaşaraq fransız istehsalçısının mühərriklərinə keçdiyini rəsmi olaraq bəyan edib. Bu addımın ispan pilotu komandada saxlamaq üçün kifayət edəcəyi hesab edilirdi. Lakin, ispan pilot qərar vermək üçün heç də tələsmir.

"Məndə, Renault Sport bölümünün gələn il üçün olan hədəfləri və planları barədə məlumat yoxdur, - Autosport Alonsodan sitat gətirib. - Sinqapur Qran Prisinin bitməsindən sonra, mən onlarla əlaqə saxlayıb məlumat alacağam. Bundan sonra isə, qərar qəbul edəcəyəm.

Dəyişikliklərin komandanın xeyrinə olub-olmaması barədə əvvəlcədən söz söyləmək mümkün deyil. Əgər McLaren Honda ilə ayrılaraq Renault mühərriklərinə keçirsə, demək onlarda kifayət qədər məlumat vardır. Ümid edirəm ki, bu keçid komandanı layiq olduğu mövqelərə qaytararaq, podium və çempionatdakı qələbə uğrunda mübarizə qoşulmağa imkan verəcəkdir".