Artıq elan edildiyi kimi, Honda ilə yollarını ayıran McLaren gələn mövsümdən Renault ilə əməkdaşlıq edəcəkdir. Bəs fransız mühərriklərinə keçən Uokinqdən olan bolidlərin rəng sxemi necə olacaqdır?

Suallar çoxdur. Uokinqlilər narıncı rənglərinə sadiq qalacaqlarmı? Yoxsa tamamilə qara rəngə geri dönəcəkdirlər? Renault markasının rənglərini öz rənglərinə qatacaqlarmı? Bu məsələnin maraqlı həlli yolunu Sean Bull Design  təklif edir. Dizaynerin McLaren-Alpine adlandırdığı bolidin narıncı-qara rəngləri Formula 1 tarixində Renault markası ilə bağlı olan mavi çalarla qarışdırıla bilər. Bildiyimiz kimi, Alpine markası Renault şirkətinin yenidən dirçəldilmiş olduğu subbrendidir və bu brendi McLaren vasitəsi ilə təbliğ etmək maraqlı olardı.

Lakin, britaniyalıların buna razılıq verəcəyi hələlik sual altındadır. Əslində bu mümkündür və tarixə nəzər salsaq, vaxtilə McLaren bolidinin tamamilə alman markasına məxsus olan gümüşü rəngə boyandığını yada sala bilərik.  

İstənilən halda, livreyasından asılı olmayaraq McLaren azarkeşlərinin bir arzusu var - komandalarını gələn mövsümdə güclülər arasında görmək. Rəngin isə, rəhmətlik İlhamə Quliyeva demişkən, nə fərqi var.

Image alt Image alt Image alt Image alt