Scuderia Ferrari komandasının rəhbəri Maurisio Arrivabene, Sinqapur Qran Prisində Sebastyan Fettelin və Kimi Rəykkonenin yarışı tərk etməsi ilə nəticələnən insidentə sərh verməkdən imtina edib. O, bu hadisəyə görə Scuderia’nın azarkeşlərindən üzr istəyib.

Bu hadisə nəticəsində Fettel bir dəfəyə Həmiltondan 28 xal geridə qalıb. Konstruktorlar kubokunda isə, Mercedes komandası ilə olan fərq, alman komandasının xeyrinə 102 xala yüksəlib.

“Hər şeydən öncə azarkeşlərimizdən üzr istəyirik. Biz başqa nəticəyə ümid edirdik, lakin, bu çempionatda mübarizənin bitdiyi anlamına gəlməz, - F1i saytı Arivvabenenin sözlərini dərc edib. – Çətin olacaq, amma biz təslim olmaq fikrində deyilik. Mövsümün son yarışına, son döngəsinə kimi mübarizə aparacağımıza söz veririk. Hələ heç nə həll olunmayıb.

Biz, əla avtomobilimizin və iki yüksək səviyyəli pilotumuzun olduğunu sübut etmişik. Əlimizdən gələni edəcəyik”.