Yeddiqat dünya çempionu Mixael Şumaxerin ikinci çempion avtomobili Nyu-Yorkda keçirilmiş hərracda 7,5 milyon dollara satılıb.

211 nömrəli şassiyə malik olan Ferrari F2001 bolidində əfsanəvi pilot Monako Qran Prisində qalib gəlmiş və Hunqarorinqdə vaxtından çempionluq titulunu əldə etmişdi. Bu bolid RM Sotheby’s hərrac evinin müasir incəsənət hərraclarında satışa çıxarılıb.

Ekspertlər bolidin 4,5 milyon dollara satılacağını hesab etsələr də, sonunda avtomobilin satışından əldə edilən vəsait 7,5 milyon dollar olub. Bu məbləğ bu günə qədər F1 bolidləri üçün hərraclarda ödənilmiş rekord məbləğidir.