Alfa Romeo markası 30 illik fasilədən sonra Formula 1 çempionatına qayıdır. Bu barədə məlumat italyan markasının tərəfdaşı olan Sauber komandasının rəsmi saytında dərc edilib.

İtalyan avtomobil istehsalçısı isveçrə komandası ilə uzunmüddətli müqavilə bağlayaraq komandanın baş sponsoru olub.

2018-ci ildən başlayaraq Alfa Romeo Sauber komandasının həm texniki, həm də ticari tərəfdaşı olacaqdır. Növbəti mövsümdə komanda Alfa Romeo Sauber F1 Team adlanacaqdır. İtalyan komandasının loqotipləri Formula 1 bolidinin üzərində həkk ediləcəkdir. Sauber komandası gələn il bolidlərində 2018-ci ilin spesifikasiyasında olan Ferrari mühərriklərinin quraşdırılacağını da bəyan edibdir. Xatırladaq ki, bu mövsümdə isveçrəlilər keçən ilki Ferrari mühərriklərindən istifadə edirdilər. 2017-ci ilin mövsümünü Markus Eriksonun, Paskal Verlyaynın və Antonio Covinazzinin də təmsil etdikləri Sauber komandası Konstruktorlar kubokunda sonuncu 10-cu yeri tutub.

Çox güman ki, yeni mövsündə Ferrarinin hamilik etdiyi istedadlı monakolu pilot Şarl Lekler Alfa Romeo Sauber komandasının rənglərini müdafiə edəcəkdir. Böyük ehtimalla, onun komanda yoldaşı güclü sponsorlar dəstəyinə malik olan Markus Erikson olacaqdır.