Əbu-Dabidə keçirilən Qran Pri zamanı Fettelin Mercedes pilotlarında 20 saniyə geridə qalmasının əsas səbəblərindən biri də alman pilotun yanacağa qənaət etməsi olub. Həmilton və Bottas isə, yanacağın sərfiyyatı barədə ümumiyyətlə düşünməyiblər.

Lakin, yanacağa qənaət edən tək Ferrari pilotu olmayıb. “Romen Qrojanı keçdikdən üç dövrə sonra komanda mənə yanacağa qənaət etməli olduğumu söylədi”,  - Renault pilotu Niko Hülkenberq bildirib.

Bəs Mercedes mühərriki ilə yarışan pilotlar niyə belə problemlə üzləşmirlər? Çünki Briksuortda hazırlanan mühərrik nəinki peletonda ən güclü mühərrikdir, o həmçinin yanacaq sərfiyyatı sahəsində ən qənaətcil aqreqatdır. “Auto Motor und Sport” nəşrinin bildirdiyinə görə, Meksika Qran Prisi zamanı Mercedes bolidlərinin yanacaq çənində 89 kiloqram (maksimum icazə verilən 105 kiloqramdan) yanacaq olduğu halda, Ferrari  çənə 101 kiloqram yanacaq tökmək məcburiyyətində qalıb.

Mercedes mühəndislərinin hesablamalarına görə, artıq çəkidən yaxa qurtarmaq, çoxlu yanacaq sərf edərək mühərriki tam gücü ilə işlətməkdən daha sərfəlidir. Xatırladaq ki, hazırda F1 avtomobilinin minimal çəkisi 722 kiloqramdır. Mercedes mühərriki qiymətli kiloqramlara qənaət etmək və müvafiq olaraq dövrədə saniyələr qazanmağa şərait yaradır.