Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoİdman üzrə Ümumdünya Şurasının bu il üçün planlaşdırılmış son iclasında Formula1 də daxil olmaqla, bir çox seriyanın növbəti mövsüm üçün təqvim və reqlamentində təklif olunan dəyişikliklər qəbul edilərək təsdiqlənib.

Autograph dərgisi F-1.az saytına istinadən bildirir ki, F1-in reqlamentindəki dəyişikliklər Təhlükəsizlik Maşınının arxasında start və restart prosedurlarını, əlavə tədbirlərin keçirilməsi zamanı həftəsonunda sessiyaların başlanmasında güzəştləri, əvvəlki mövsümün maşınlarından istifadə etməklə nümayiş yürüşlərinin keçirilməsini (indi belə maşınlarda illik qət edilən məsafə 50 km-i aşa bilməz) əhatə edir.

Güman edildiyi kimi, gələn mövsümdən yanacağa yağın əlavə edilməsinə və bu yağın xarakteristikasına ciddi nəzarət tətbiq ediləcək. Məsrəflərin azaldılması üçün enerji toplayıcısının minimal çəkisi və ölçüləri də məhdudlaşdırılıb. Əgər sürücü startda 15 və ya daha çox yer itirmək cəzası alarsa, yarışa son yerdən başlayacaq. Daha çox sürücü eyni cəzanı alarsa, o zaman cəzaların verilmə vaxtı əsas götürüləcək.

Avtoİdman üzrə Ümumdünya Şurası çempionatın sahibi Liberty Media şirkətinə Braziliya Qran Prisi günlərində ictimai təhlükəsizlik normalarına əməl olunmasına xüsusi diqqət göstərməsini tövsiyə edib.