McLaren pilotu Fernando Alonso aprel ayını sonlarında keçiriləcək Azərbaycan Qran Prisində komandasının liderlərə - Mercedes, Ferrari və Red Bull Racing komandalarına meydan oxuyacağını bildirib.

Xatırladaq ki, bu mövsümün ilk yarışı olan Avstraliya Qran Prisində 11-ci yerdən yarışı başlayan Alonso beşinci yerdə finiş görüb. İspan pilot bunun yeni uğurların başlanğıcı olduğundan əmindir.

«Şübhə yoxdur ki, mövsümü boynca hər şey daha yaxşı olacaqdır. Bizim avtomobilin böyük açılmamış potensialı vardır, - Alonso Formula 1-in rəsmi saytına müsahibəsində bildirib. - Hazırda liderlər üçlüyü irəlidədir, lakin McLaren bu elitar kluba daxil olmağa hazırdır. Hesab edirəm ki, iki yarışdan sonra orta qrupda mübarizə aparmaq barədə belə düşünməyəcəyik. Bizə mane olacaq səbəbləri görmürəm». 

Bu həftəsonu Formula 1 çempionatının növbəti mərhələsi Bəhreyndə keçiriləcəkdir. Bir həftə sonra isə, növbəti mərhələ Çində baş tutacaqdır. Azərbaycan Qran Prisi isə aprel ayının 27-29 tarixlərində keçiriləcəkdir.