Yenidən dirçəldilmiş BMW 8-Series modelinin açıq variantının təqdimat mərasimi noyabr ayında keçiriləcəkdir. Yeni kabrioletin debütünün gələn ay işinə başlayacaq Los-Anjeles avtosalonunda baş tutacağı ehtimal edilir.

İlkin məlumata görə, səkkiznci seriyadan olan kabriolet 530 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4,4-litrlik iki turbokompressorlu V8 mühərriki və səkkiz diapazonlu avtomatik ötürmələr qutusu ilə təchiz ediləcəkdir. Bənzər aqreqata malik olan kupe 100 km/saat həddinə 3,7 saniyəyə sürətlənir.

Kabrioletin standart təchizatına aktiv arxa differensial və M Sport əyləc sistemi də daxil ola bilər. Alman şirkəti, səkkizinci seriyadan olan kabriolet ilə yanaşı,«bərkgedən» M8 və 8-Series Gran Coupe modellərini də buraxmaq niyyətindədir. Xatırladaq ki, yeni 8-Series kupesi yayın əvvəlində debüt edib.