Sinqapur Qran Prisinin stüardları FIA-nın F1 üzrə texniki nümayəndəsi Co Bauerin müraciəti əsasında Daniel Rikkardonu diskvalifikasiya ediblər. Müraciətdə Rikkardonun avtomobilində texniki reqlamentin pozulduğu bildirilib. Stüardlar komanda nümayəndələrini dinlədikdən sonra, pilotun nəticəsini təsnifat mərhələsinin protokolundan çıxarmaq və onu diskvalifikasiya etmək qərarına gəliblər.

Diskvalifikasiyaya səbəb isə, sıralama sessiyasının birinci hissəsində avstraliyaı pilotun avtomobilində quraşdırılmış MGU-K mühərrik-generatorunun icazə verilmiş 120 kVs-dan artıq güc hasil etməsi olub. Bu isə, Texniki reqlamentin 5.2.2 paraqrafının pozulması deməkdir.

Komanda müəyyən edilmiş qaydada apelyasiya şikayəti vermək hüququna malikdir. Bundan başqa, stüardların digər qərarı ilə Rikkardo yarışa buraxılıb, lakin sonuncu yerdən start alacaqdır.