Zeekr 009 elektrik miniveninin tizerləri hələ iyul ayında dərc edilib. İndi isə, Çin istehsalçısı dəbdəbəli minivenin rəsmi şəkillərini paylaşıb. Yeni təsvirlərdə Zeekr markasının ilk miniveni həm bütöv şəkildə, həm də fraqmentlərlə göstərilir.

Modelin indeksindəki 009 rəqəminə baxmayaraq, o, Geely holdinqi tərəfindən xüsusi olaraq bahalı elektrokarlar üçün yaradılmış Zeekr brendinin ikinci avtomobilidir. Yeni miniven Zeekr markasının model xəttindəki yeganə model olan 001 liftbekinə qoşulacaqdır.

Əvvəl də Geely holdinqindən bildirildiyi kimi, Zeekr 009 miniveni açıq başlanğıc koduna malik olan SEA (Sustainable Experience Architecture) platformasında inşa edilib. Geely şirkətinin kənar istehsalçılara təklif etməyi planlaşdırdığı bu platforma Zeekr 001 liftbekinin də əsasını təşkil edir.

Bununla belə, Çin istehsalçısı modelin ölçülərini açıqlamayıb. Çin KİV-lərinin əldə etdiyi məlumata görə, Zeekr 009 modelinin uzunluğu 5209 millimetr, eni - 2024 millimetr, hündürlüyü - 1856 millimetr, təkər bazası isə, 3205 millimetr olacaqdır. Əgər göstərilənlər doğrudursa, Çin miniveni bütün parametrlərinə görə Lexus LM minivenini üstələyəcəkdir.

Zeekr 009 diqqəti cəlb edən görünüşə malikdir. Miniven şaquli gündüz hərəkət işıqlarına (əsas fənərlər bir qədər aşağıdadırlar), radiator barmaqlığının yerindəki işıqlanan panelə və enli zolaqla birləşdirilmiş arxa fənərlərə sahib olacaqdır.

Minivenin interyer şəkilləri dərc edilməyib. Salonda Zeekr liftbekində olduğu kimi, minimalistik üslubda dizayn edilmiş iki displeyli ön panel quraşdırılacaqdır. Demək olar ki, ön paneldə fiziki düymələr də yoxdur. İkinci cərgədə isə, hərəkət edən və bir-birinə yaxın yerləşdirilmiş iki fərdi kreslo quraşdırılacaqdır.

Texniki hissə barədə də məlumat verilməyib. Bununla belə, minivenin 700 kilometrdən (CLTC dövrünə əsasən) çox yürüş ehtiyatına malik olacağı bildirilib. Xatırladaq ki, Zeekr 001 liftbeki üç versiyada təklif edilir.

Baza versiyası arxa oxda quraşdırılmış 272 at qüvvəli mühərrikə, 100 kilovat-saatlıq batareyaya və 732 kilometrlik yürüş ehtiyatına malikdir. Digər iki versiya isə, tam ötürməlidir və ümumi hasilatı 544 at qüvvəsi olan ikimühərrikli güc qurğusu ilə hərəkətə gəlirlər.

Bu versiyalar 86 və 100 kilovat-saatlıq batareyalarla təklif edilirlər. Birinci halda yürüş ehtiyatı 536, ikinci halda isə, 616-650 kilometr (CLTC dövrünə əsasən) təşkil edir.

Zeekr 009 miniveninin yaxın zamanlarda debüt edəcəyini gözləmək olar. Onun Çindəki satışlarına bu il başlanmalıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.