Geely şirkəti Emgrand L adlı büdcə sedanını təqdim edib. Əslində, söhbət 2016-cı ildən istehsal edilən yenilənmiş Emgrand GL modelidən gedir. Lakin baş vermiş dəyişikliklərin miqyası nəsil dəyişikliyi ilə müqayisə oluna bilər.

Birincisi, Emgrand L modeli digər ucuz Geely modellərinin ardınca BMA platformasına keçib, ikincisi, demək olar ki, bütün kuzov panelləri dəyişdirilib, üçüncüsü isə, interyer sıfırdan yaradılıb. Üstəlik, bütün təchizat səviyyələrinin tərtibatında istifadə edilən materialların keyfiyyəti yüksəldilib.

Ölçülərinə və texniki hissəsinə görə Emgrand L digər Geely sedanı – Binrui modeli ilə müqayisə oluna bilər. Emgrand modelinin qlobal yenilənməsindən sonra, modelin nə təkər bazası (2700 millimetr), nə də ki, hündürlüyü (1478 millimetr) dəyişməyib. Yeni kuzov dəsti sayəsində isə, modelin uzunluğu (4735 millimetr) və eni (1815 millimetr) müvafiq olaraq, 10 və 13 millimetr artırılıb.

Altas (Çində Boyue) və Coolray (Binyue) modellərinin ardınca, Emgrand L modeli də Geely Energy Storm firma üslubunda dizayna malik olub. Hava girişlərinin sahəsi artırılıb, bütün işıq texnikası isə, işıqdiodlarından hazırlanır.

Salon arxitekturası tamamilə dəyişdirilib – sedanın sələfi “süzən” sesnorlu displeysiz ötüşürdüsə və 7,0-düymlük virtual cihazlar paneli ilə kifayətlənirdisə, L indeksli modeldə hər şey fərqlidir. 10,25-düymlük virtual cihazlar paneli artıq standart avadanlıqdır.

Multimedia sisteminin 12,3-düymlük geniş formatlı sensorlu displeyi bütün interfeysə cavabdehdir. İnteryer tərtibatında tətbiq edilən materiallar daha keyfiyyətlidirlər: salondakı plastik daha yumşaqdır, top versiyalarda isə, basmanaxışlar və parlaq süni dəridən istifadə oluna bilər.

Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmə şassi arxitekturasına elə də ciddi təsir göstərməyib: sedan əvvəlki kimi öndə McPherson dayaqları, arxada isə yarımüstəqil tir ilə təklif olunur. Mühərriklər də dəyişməyib: 141 at qüvvəsi və 235 Nm fırlanma anı hasil edən 1,4-litrlik turbomühərrik 6-pilləli mexaniki ötürmələr qutusu və ya variator ilə tandemdə çalışır.

Sonradan, 1,5-litrlik üçsilindrli Volvo Drive-E turbomühərriki və 7-pilləli “robot” ilə təchiz edilən versiya da əlçatan olacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.