Geely şirkəti Volvo şirkətinin CMA platformasında inşa edilmiş iri KX11 krossoverini təqdim edib. Çin markasının mətbuat xidməti, krossoverin eksteryer şəkillərini dərc edərək, əsas diqqəti xrom örtüklü şaquli lamelləri olan radiator barmaqlığına yönəldib. Geely KX11modelinin kütləvi təqdimatı aprel ayında keçiriləcək Şanxay avtosalonunda baş tutacaqdır.

Geely KX11 krossoveri Çin markasının gələcək flaqmanıdır. Yeni krossover əvvəlki Geely modellərindən daha təmkinli dizaynı, dəbli matrisa LED optikası və ölçüləri ilə seçilir. Rəsmi olaraq, KX11 modelinin ölçüsü təsdiqlənməyib, lakin çinli jurnalistlər krossoverin Volvo XC90 modelindən daha yığcam olacağına, modelin uzunluğunun isə 4,8 metrdən çox olmayacağına inanırlar.

Geely KX11 modelinin onunla eyni platformada inşa edilmiş Preface biznes sedanına olan oxşarlığı diqqət çəkir - modellər fənərlərin oxşar dizaynına və radiator barmaqlığının eyni naxışına malikdir. KX11 modelinin əsas cəhəti beş cütlənmiş qolları və yönləndirilmiş naxışları olan möhtəşəm təkər disklərdir.

Avtomobilin interyer şəkilləri rəsmi olaraq yayımlanmayıb, ancaq çinli jurnalistlər artıq sınaq prototiplərinin salonuna baxmağa müvəffəq olublar və üç rəqəmsal ekranı olan qeyri-adi ön paneli aşkar ediblər.

Beləliklə, KX11 krossoveri,  ön sərnişin üçün ayrıca 12,3-düymlük sensorlu ekranla təchiz edilən ilk Geely modeli olacaqdır. KX11 krossoverri ilə Preface sedanın interyerləri arasındakı digər fərqlər nəzərə çarpmayır, lakin krossoverin üç cərgəli yeddi yerlik salonla təklif ediləcəyini gözləmək olar.

Geely KX11 modeli ön ötürməli CMA platformasına əsaslandığı üçün, güc aqreqatları çeşidində sürprizlər olmayacaqdır. 190 at qüvvəsi və 300 Nm fırlanma anı hasil edən Volvo Drive-E turbomühərriki baza mühərriki olacaqdır. Gələcəkdə hibrid güc qurğusu da təklif oluna bilər. Güc aqreqatı, böyük ehtimalla, 7-pilləli “robot” və ya 8-pilləli Aisin  “avtomatı” ilə təchiz ediləcəkdir. Tam ötürmə sistemi opsiya olacaqdır.

Şübhəsiz ki, Geely şirkəti KX11 krossoverinin bütün xüsusiyyətlərini təqdimatdan öncə açıqlayacaqdır, çünki Şanxay avtosalonunun başlanmasına  üç aya yaxın vaxt qalır. Böyük ehtimalla, KX11 modelinin Çindəki satışlarına  ilin ikinci yarısında start veriləcəkdir. Yeni modelin digər bazarlardakı satışlarına daha sonra başlana bilər.