Çinin Geely şirkəti, Volvo şirkətinin yeni CMA modul platformasında inşa edtdiyi yeni sedanının ilk rəsmi şəkillərini dərc edib. Artıq yeni sedanın son sınaqları həyata keçirlir və onun seriya istehsalına hazırlıqlar başa çatmaq üzrədir. Preface ("Ön söz") adlandırılmış model Technology Geely 4.0 texniki fəlsəfəsi çərçivəsində hazırlanmış ilk Geely avtomobilidir. Şirkət bu hadisəni "avtomobil sənayesində yeni bir dövr" kimi təsvir edir.

Geely Preface modeli çin markasının CMA (Compact Modular Architecture) modul arxitekturada inşa edilən ikinci modeli olacaqdır. Xatırladaq ki, kupeşəkilli FY11 krossoveri artıq bu platformaya əsaslanır. CMA modul arxitekturası Geely konserninə məxsus olan Volvo və Lynk&Co markalarının istehsal etdiyi bəzi avtomobillərin əsasını təşkil edir.

Ölçü baxımından Geely Preface modelini, SPA platformasında inşa edilmiş Volvo S60 sedanı ilə müqayisə etmək olar. Geely Preface modelinin qabarit uzunluğu 4785 millimetr (İsveç modelinə nisbətən +24 millimetr), eni - 1869 millimetr (-171 millimetr), hündürlüyü isə 1469 millimetr (+38 mm) təşkil edir. Sedanın təkər bazası 2800 millimetrdir (-72 millimetr).

Geely Preface sedanı yalnız Volvo şirkətinin Drive-E ailəsindən olan 2,0-litrlik dördsilindrli turbomühərriki ilə təchiz ediləcəkdir. Güc qurğusunun hasilatı 190 at qüvvəsi və 300 Nm fırlanma anı təşkil edir. Sedanın hansı transmissiyanı alacağı hələlik məlum deyil.

Mühərrik yeddi pilləli Aisin "avtomat"ı, 7DCT "robot"u və ya altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilə bilər. Ötürmə yalnız ön oxa olacaqdır.

Sedan, keçən il Şanxay avtosalonunda nümayiş olunan Preface konseptinin seriya variantı olacaqdır. Seriya modelinin konsept modelindən fərqləndirən əsas cəhət hərəkət istiqamətində açılan arxa qapılardır. Bundan əlavə, sedan kameraların əvəzinə ənənəvi yan güzgüləri, fərqli hava kanallarını və radiator barmaqlığının sadələşdirilmiş naxışını alacaqdır.

Geely Preface modeli 2020-ci ilin üçüncü rübündə debüt etməlidir.