Uzun zamandır ki, diqqətimizi gənc dizayner Cahangir Qəhrəmanovun işləri cəlb etmişdi. Onun portfoliosundakı maraqlı layihələr bu gəncdə istedadın olduğundan xəbər verirdi. Yaranmış fürsətdən istifadə edib Cahangirlə müsahibə etmək qərarına gəldik. Düzdür, Cahangir uzun-uzadı danışmağı sevmir. O, daha çox qısa və konkrent olmağa üstünlük verir.

Görüşümüz Gənclik Mall-da yerləşən "Ontop" boulinq klubunda baş tutdu. Əlbəttə ki, boulinq klubuna gəlib boulinq oynamamaq günah olardı, həm də söhbətimiz daha sərbəst və rahat şəraitdə keçəcəkdi.

Nə xoş təsadüfdür ki, dəfələrlə boulinq üzrə Azərbaycan çempionu olmuş Ramil Həmidov da orada idi. 300-lər klubuna daxil olan idmançımızdan bu oyunun sirləri ilə bölüşməyi xahiş etdik. 

R.M. Xoş gördük. İlk nöbvədə istərdim ki, oxucularımıza özünüz haqqında qısa məlumat verəsiniz.

C.Q. Salam. 28 yaşım var, Gəncədə doğulub böyümüşəm, orta təhsilimi də Gəncədə  almışam. Hazırda Bakida yaşayıram, Genna’baku reklam şirkətində dizayner vəzifəsində  çalışıram.

R.M. Nə zaman dizayner sənətinə həvəsiniz olduğunu anladınız?

C.Q. Uşaq yaşlarımda bütün dizaynerlər kimi, mən də əlimə keçən kağız parçasında avtomobil şəkilləri çəkirdim. 19-20 yaşım olanda  belə bir sənətin var olduğunu öyrəndim və o gündən peşəkar dizayner olmaq qərarına gəldim.

R.M. Portfolionuzdan göründüyü kimi müxtəlif istiqamətlərdə layihələr hazırlamısınız. İlk dizayner layihəniz hansı sahəni əhatə edib?

C.Q.  İlk hazırladığım layihə Mercedes-Benz markasından olan sedan idi. Layihəni işləyən  zaman, ilk növbədə məşhur alman markasına xas olan cizgiləri saxlayaraq yeni obraz yaratmağa çalışmışdım. Məncə maraqlı alınmışdı.

R.M. Fikir verdim, işlərinizin arasında traktor layihəsi də mövcuddur. Doğrusu bir qədər təəccübləndim. Adətən bizim insanlar daha çox avtomobil dizayn etməyi sevirlər.  

C.Q. Mən özümü nəqliyyat vasitələrinin dizayneri hesab edirəm və bu sahədə inkişaf etməyə üstünlük verirəm. Buna görədə  fərqli, maraqlı nəqliyyat növləri dizayn etməyə calışıram. Qeyd etdiyiniz layihə Hidromek Pahlavan adlanır və bu günə qədər məni həyəcanlandıran layihələrdən biri olub desəm yanılmaram.

R.M. Həmyerlimiz sənaye dizayneri Samir Sadıxovla şəxsi tanışlığınız varmı? Onun işləri barədə fikirlərinizi bilmək maraqlı olardı.  

C.Q. Əlbəttdə var. Artıq 10 ilə yaxındır ki Samirlə tanışıq, Hər ikimiz də Gəncədə doğulub boya-başa çatmışıq. Məni bu sənətə cəlb edən də Samir olub. Çox güman ki, məndə olan istedadı görən ilk insandır.

Samir artiq gördüyü işlərlə özünü sübut edib. Hər bir dizaynerin arzusu yaratdığı avtomobilin seriyaya getməsidir. Samir də artıq öz arzusuna çatıb – onun müəllifi olduğu Rezvani Beast modeli buna əyanə sübutdur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

R.M. Bu sualı Samirə də vermişdim. İndi sizə ünvanlayıram. Sizə hər hansı brendi yenidən dirçəltmək həvalə olunsaydı, hansı markanı seçərdiniz?

C.Q. Saab və DMC markalarını yenidən dirçəldərək dizayn etməyi cox istəyərdim, Hər iki brend maraqlı tarixə və estetik  xətlərə sahibdir.

R.M. Cahangir Qəhrəmanovun üslubunu necə xarakterizə etmək olar? Hansı cizgilər sizin dəsti-xəttinizin nişanəsidir?

C.Q. Hər bir dizaynerin oz üslubu, öz dəsti-xətti  olur. Bu zamanla yaranan bir şeydir. Artıq 10 ilə yaxındır ki bu işlə məşğulam. Mən də hər zaman sadə, eyni zamanda cazibədar xətlərə malik olan avtomobilləri dizayn etməyə calışıram.

Hidromek backloader concept

R.M. Aydındır. Deyəsən banisi Samir Sadıxov olan Gəncə dizayn məktəbinin yaranmasına şahid oluruq. Keçək növbəti sualımıza. Avtomobil idarə edirsinizmi? Şəxsi avtomobilinizi dizayn etmək imkanınız olsaydı hansı kuzov növünə üstünlük verərdiniz?

C.Q. Hazırda avtomobilim yoxdur. Şəxsi atvomobilimi dizayn etmək isə ən böyük xəyalımdır. Bir gün öz avtomobilimi dizayn etmək imkanım yaranarsa onun idman avtomobili olacağından əminəm.

R.M. İşləriniz avtomobil istehsalçılarının diqqətini çəkibmi? Hansı isə marka üçün layihə hazırlamısınızmı?

C.Q. Bəli, işləmişəm. Portfolioma baxsanız, Çindən olan İAT şirkətinin sifarişi ilə hazırladığım krossover layihəsini görə bilərsiniz. Bildiyimiz kimi Çində irili-xırdalı beş yüzə yaxın avtomobil istehsalçısı mövcuddur. İAT şirkəti də bunlardan biridir.

Təəssüf ki, layihənin sonrakı taleyi barədə məlumatım yoxdur. 

R.M. Hal-hazırda hansı layihə üzərində işləyirsiniz?

C.Q. Hazırda 2100-ci il üçün “Le Mans” yarışlarında iştirak edəcək sportprototip layihəsi üzərində çalışıram. Uzun müddətdir ki, üzərində işləmək istədiyim bir layihədir.

R.M. Çox maraqlı layihə olmalıdır, çünki LMP1 sportprototipləri texnoloji cəhətdən heç də F1 bolidlərindən geridə qalmırlar. Söhbət idmandan düşmüşkən, avtomobil idmanına münasibətiniz necədir? Formula 1, WRC, DTM, MotoGP kimi çempionatları izləyirsinizmi?

C.Q. Əslində buna o qədər də vaxtım olmur. Çünki, dayanmadan yeni layihələr hazırlamağa calışıram və vaxtımın əksər hissəsi buna sərf olunur. Ancaq, imkan düşdükcə Formula 1 çempionatını izləməyə calışıram. Son mövsüm Mercedes komandasının böyük üstünlüyü ilə keçsə də, mübarizə dolu idi. Nəhayət Rosberq, "şeytanın ayağını sındıraraq" Həmiltona qalib gələ bildi.

Cahangirin boulinqdə ilk addımları....

R.M. Gələn il Bakı ikinci dəfə Formula 1 çempionatının mərhələsinə ev sahibliyi edəcək. Özü də Azərbaycan Qran Prisi adı altında. İlk Qran Primiz hansı hadisə ilə yadınızda qalıb?

C.Q. Rosberq və Həmiltonun möhtəşəm mübarizəsi ilə. Ən əsası da, mühəndis və dizayner sənətinin ən yüksək nailiyyətlərini özündə daşıyan möhtəşəm avtomobillərin ilk dəfə olaraq Bakı küçələrində şütüməsi çox həyəcanverici bir mənzərə idi.

Yəni hər bir azərbaycanlı Formula 1 fanatının, azarkeşinin görmək istədiyi valehedici anlardı.

R.M. Qarşıdan yeni il gəlir. Fürsətdən istifadə edərək Sizin qarşıdan gələn Yeni İlinizi və Dünya azrbaycanlılarının həmrəylik günü münasibəti ilə təbrik etmək istərdik. Həmyerlilərimizə və Autograph oxucularına Cahagir Qəhrəmanov nə arzulayır?

C.Q. Mən də jurnalınız tərəfindən təqdim edilmiş bu imkandan istifadə edərək xalqıma əmin-amanlıq, firəvan həyat və ən əsası da torpaqlarımızın tezliklə işğaldan azad olunmasını arzulayıram. Autograph jurnalının oxucularına isə tezliklə məqsədlərinə catmalarını, sevdikləri işdə çalışmalarını və xəyal etdikləri avtomobilə sahib olmalarını arzu edirəm .

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Müsahibə və fotoçəkilişlər üçün şərait yaratdığına götə "Ontop" boulinq klubunun rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.

ONTOP Bowling - "Gənclik Mall" Ticarət Mərkəzi, 4-cü mərtəbə

Facebook səhifə 

Google Maps: 38 Fətəli Xan Xoysk, Gənclik Mall Баку