General Motors konserni sahib olduğu markaların sportkar və «bərkgedən» avtomobillərinə karbondan hazırlanmış təkər diskləri quraşdırmaq ideyası üzərində düşünür. Bu barədə amerikan konsernin daxilindəki mənbələrinə istinadən Autoblog nəşri məlumat yaymışdır. General Motors şirkətinin mütəxəssisləri artıq karbondan hazırlanmış disklərin yol səthindəki defektlərə necə reaksiya verdiyini tədqiq etməyə başlamışdırlar. İstehsalçının bildirdiyinə görə, karbondan hazırlanmış təkər disklərinin tətbiqi avtomobillərin çəkisini 15 kiloqram azaltmağa və dinamik xüsusiyyətlərini yaxşılaşdırmağa imkan verəcəkdir.

General Motors şirkətinin karbondan hazırlanmış  diskləri avtomobillərdə nə zaman quraşdıracağı barədə heç bir məlumat yoxdur. Çox güman ki, karbon təkərləri ilk alacaq olan modellər Cadillac şirkətinin istehsal etdiyi V-seriyasından olan «bərkgedən» CTS-V və ATS-V avtomobilləri olacaqdır. Chevrolet Corvette və Camaro modellərinin də belə disklərlə təchiz ediləcəyi istisna edilmir. 

Artıq bir sıra avtomobil istehsalçıları öz avtomobilləri üçün karbondan hazırlanmış təkər diskləri təklif edir. Misal üçün, Ford şirkətinin yenidən həyata qaytardığı GT superkarını karbon disklərlə sifariş etmək olar. Ford GT modeli üçün karbondan hazırlanmış diskləri Avstraliyada yerləşən Carbon Revolution şirkəti istehsal edir.  Elə bu şirkətin də GM konserninin təchizatçısı olacağı da istisna edilmir.