Bir neçə gün bundan öncə, Hyundai Sonata N-Line modelinin 2,5-litrlik turbomühərriklə təchiz ediləcəyi barədə məlumat vermişdik. 293 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən güc aqreqatı 8-pilləli ikimuftalı robotlaşdırılmış qutu ilə tandemdə çalışacaqdır.

Ən maraqlısı odur ki, sən demə Genesis rəhbərliyinin də bu mühərrikə “gözü düşüb”. Hyundai şirkətinin premium subbrendi 2,5-litrlik turbomühərriki Genesis G70 sedanının kapotunun altında görmək istəyir.

Məlum olduğu kimi, hazırda G70 modelinin mühərrik çeşidinə 370 at qüvvəsi və 510 Nm fırlanma anı hasil edən 3,3-litrlik altı silindrli biturbomühərrik, 252 at qüvvəsi və 353 Nm fırlanma anı hasil edən 2,0-litrlik dörd silindrli turbomühərrik, həmçinin 202 at qüvvəsi və 441 Nmfırlanma anına malik olan 2,2-litrlik dörd silindrli dizel mühərriki daxildir. Adı çəkilən güc aqreqatları 8-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Lakin, bəzi bazarlarda sedanın 6-pilləli mexaniki ötürmələr qutusu ilə də təklif edildiyi məlumdur.

Yeni turbomühərrikin və “robotun” tətbiq edilməsi mexaniki transmissiyanın sonu ola bilər. Əslində, mexaniki transmissiyadan imtina edilməsi sedanın satışlarına ciddi təsir göstərməyəcəkdir - şirkətdən verilən məlumata görə, alıcılar arasında mexaniki transmissiyanı seçənlərinin xüsusi çəkisi 2% təşkil edir.