Dünən Genesis markasının ilk krossoveri olan GV80 modelinin istehsalına başlandığı barədə məlumat vermişdik. Bu gün isə, İnternet şəbəkəsində yeni krossoverin konveyerdə çəkilmiş ilk cəsus şəkilləri peyda olub. Şirkət daxilindəki mənbələr yeni modelin vətənində 19 dekabr tarixində debüt edəcəyini bildiriblər.

Ortaölçülü krossoverin eksteryer dizaynı bayraqdar Genesis G90 modelinin üslubunda hazırlanıbdır. Krossover ikimərtəbəli ön və arxa işıq texnikasina, rombşəkilli naxışları olan iri beşguşəli radiator barmaqlığına, U-şəkilli çıxıntısı olan kapota və buraxılış sisteminin xrom ucluqlu çıxış borularına sahib olub.

GV80 modelinin salonunda ikiqollu sükan çarxını, smartfonların induksion doldurulması meydançası, avtomatik transmissiyanın və hərəkət rejimlərinin“şaybaları” və multimedia sisteminin pultu olan hündür tuneli görmək olar. Multimedia sistemi 14,5 düymlük displeyə malikdir. İqlim sistemi idarəsi adi düymə və şaybalar vasitəsi ilə həyata keçirilir. Krossoverin daxili bazarda analoq, xarici bazarlarda isə virtual cihazlar paneli ilə təklif ediləcəyi də ehtimal olunur.

Genesis GV80 modelinin baza versiyası 290 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən 2,5-litrlik dördsilindrli turbomühərrik, arxa ötürmə və beşyerli salon ilə təklif ediləcəyi söylənilir. Modelin mühərrik çeşidinə 280 at qüvvəsi və 589 Nm fırlanma anı hasil edən 3,0-litrlik altısilindrli dizel mühərriki, həmçinin 380 at qüvvəsi və 530 Nm fırlanma anı hasil edən 3,5-litrlik altısilindrli benzin mühərriki daxil ediləcəkdir. Bu güc aqreqatları yalnız 8-pilləli ikimuftalı “robot”  tandemdə çalışacaqdırlar. Ötürmə arxaya və ya tam çəkişli ola bilər.

Image alt Image alt Image alt Image alt Image alt

Koreyalı jurnalistlər yeni modelin altı və yeddi yerli salonla, 15 kuzov rəngi, 19-22 düym arasında təkər diskləri və interyerin altı variantda tərtibatı ilə təklif ediləcəyini bildiriblər. Salon tərtibatında yüksək keyfiyyətli ağacdan, alkantara, nappa dərisi və alüminiumdan istifadə olunacaqdır.

Genesis GV80 modelinin dünyavi təqdimatının 2020-ci ildə keçiriləck Nyu-York avtosalonunda baş tutacağı gözlənilir.