Hyundai şirkətinin premium subbrendi olan Genesis markası sırf elektrik güc qurğusu ilə hərəkətə gələn krossoveri hazırlayır. Koreya markası artıq elektrokarın ictimai yollardakı sınaqlarına başlayıbdır. Tesla Model X elektrik krossoveri ilə rəqabət aparacaq ilk seriya elektrokarının təqdimatı 2021-ci ildə baş tutmalıdır.

Elektrik krossoverinin casus şəklini dərc edən KoreanCarBlog saytı, yeni elektrokarın zavoddaxili JW EV kod adı ilə işarələndiyini bildirib. Batareyanın tutumundan asılı olaraq, elektrik krossoveri 500 km və ya daha çox məsafə qət edəcəkdir. Krossoverin batareyasının 80 faizinin doldurulmasına 20 dəqiqə vaxt tələb olunacaqdır. Şirkətin istehsal planına əsasən, hər il konveyerdən 22 min JW EV modeli çıxacaqdır.

Elektromobil, Hyundai Motor Group konserninin Electric Global Modular Platform modul platformasına əsaslanır. Bu platformada Genesis, Hyundai və Kia markalarının gələcək elektrokarları inşa ediləcəkdirlər. Hazırda, mühəndislər Genesis G80 sedanının "yaşıl" modifikasiyası, həmçinin Hyundai NE EV və Kia CV EV seriya elektrokarlarının üzərində çalışırlar.

Genesis premium eklektik krossoverinin əsas rəqibləri yuxarıda qeyd etdiyimiz Tesla Model X krossoveri, həmçinin Jaguar i-Pace, Audi e-tron və Mercedes-Benz EQC modelləridir.

Mənbə: KoreanCarBlog