Genesis markasının yeni təqdim olunmuş strateji planına əsasən, 2025-ci ildən başlayaraq, premium brendin yeni modelləri alternativ enerji mənbələrinə keçəcək, 2030-cu ildə isə, Cənubi Koreya istehsalçısı daxili yanma mühərriklərindən tamamilə imtina edəcəkdir. İlk tam elektrik modeli olan Electrified G80 sedanı bu ilin yazında debüt edib, sonra isə koreyalılar GV60 elektrik krossoverini təqdim ediblər. İnsyderlərin bildirdiyinə görə, gələn il elektrik xəttinin bayraqdar modeli debüt etməlidir.

The Korean Car Blog nəşri şirkət daxilindəki mənbələrinə istinadən verdiyi xəbərdə, Genesis markasının tam ölçülü elektrik krossoverinin yaradılması üzərində çalışdığı bildirilir. Yeni krossover model cərgəsində GV80 modelindən bir pillə yuxarıda qərarlaşacaq və təkcə elektrik xəttinin deyil, həm də krossover xəttinin bayraqdarı olacaqdır.

Genesis GV90 modelinin GV60, Kia EV6 və Hyundai Ioniq 5 modellərinin əsasını təşkil edən E-GMP platformasında inşa edilməsi istehsalçıya vaxta və pul vəsaitinə qənaət etməyə imkan verəcəkdir. Odur ki, Genesis GV90 modeli artıq 2022-ci ildə debüt edə bilər.

GV90 modeli haqqından digər təfərrüatlar hələ sirr olaraq saxlanılır. Genesis markasının inkişaf strategiyası cari onilliyin sonuna səkkiz elektromobilin buraxılmasını və illik istehsal həcminin 400 minə çatdırılmasını nəzərdə tutur. Tizerlərdən göründüyü kimi, bütün yeni modellər demək olar ki, qapıya qədər uzanan ikiqat LED xəttə malik olacaqdırlar. Eyni zamanda, bəzi avtomobillərin qapılarının hərəkətin əksi istiqamətinə açıldığını görmək olar. Böyük ehtimalla, Genesis GV90 modeli də belə qapılara malik olacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.