Müxtəlif ölkələrdə avtomobillərə qarşı müxtəlif təhlükəsizlik tələbləri qoyulur, nəticədə müxtəlif bazarlar üçün nəzərdə tutulmuş eyni modelin digərindən əhəmiyyətli dərəcədə fərqlənə biləcəyi bir vəziyyət yaranır. Bu fərqi əyani şəkildə nümayiş etdirmək üçün, GlobalNCAP mütəxəssisləri qeyri-adi qəza testi keçiriblər: biri ABŞ-da, ikincisi isə Meksikada satılan iki Hyundai büdcə sedanı bir biri ilə toqquşdurulub.

Təcrübə üçün, Cənubi Koreya markasının ABŞ bazarında satılan ən sərfəli modelini - Hyundai Accent sedanını götürüblər. Bu modeli Hyundai şirkətinin Meksikadakı zavodunda yığırlar. Qəza testinin ikinci iştirakçısı Meksikada satılan, lakin Hindistanda istehsal olunan Hyundai Grand i10 büdcə sedanıdır.

Mütəxəssislər hər iki avtomobilin eyni sürətlə toqquşması nəticəsində dəyən ziyanı təhlil ediblər. Hindistan istehsalı olan Grand i10 modelinin kuzovu ciddi şəkildə deformasiyaya uğrayıb, xüsusilə sürücü tərəfindəki dayaq zonasındakı xəsarət daha təhlükəli xarakterə malik olub.

Bu avtomobil iki ön təhlükəsizlik yastığı ilə təchiz olunub - onların hər ikisi açılsa da, lakin sürücü və ön sərnişini zədələnməkdən qoruya bilməyiblər. Nəticədə, Grand i10 modeli sürücü və sərnişinin qorunması üzrə 0 xal qazanıb: bir sözlə, belə bir qəza onlar üçün ölümcül ola bilər.

Meksika istehsalı olan amerikan Accent modeli, təhlükəsizlik baxımından Hyundai şirkətinin ən qabaqcıl avtomobillərindən biri olmasa da, hind sedanından daha yaxşı çıxış edib. Onun kuzovu daha davamlı olduğu üçün, amerikan avtomobilinin sürücü və sərnişini yüngül xəsarətlərlə canlarını qurtarıblar.

GlobalNCAP dəfələrlə dünya avtomobil istehsalçıslarının təhlükəsizliyinə belə yanaşmasını tənqid edib. Mütəxəssislər xatırladırlar ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir insanın həyatı önəmlidir və istehsalçılar avtomobili yaradarkən bunu nəzərə almalıdırlar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.