Bu gün Azərbaycan avtoidmanının ümidi olan gənc pilotumuz Gülhüseyn Abdullayevin ad günüdür. Onun 21 yaşı tamam olub. Bu mübasibətlə Autograph onlayn jurnalı Gülhüseyni təbrik edir və yeni uğurlar arzu edir. Yeri gəlmişkən, Azərbaycanda Formula 1 haqqında yeganə peşəkar sayt olan F-1.az saytı arxada qoyduğumuz həftəsonunun Gülhüseyn Abdullayev üçün çox məhsuldar olduğunu bildirib.

F-1.az xəbər verir ki, Formula Gulf 1000 seriyasının martın son günündə keçirilən hər iki yarışında həmyerlimiz podiuma yüksəlib. Dubay Beynəlxalq Avtodromuna ancaq şənbə günü yetişən Gülhüseyn məşqlərə qatılmadan birbaşa sıralanma turuna çıxıb. Sıralanmada yeni maşınla və trasla tanış olan idmançımız sonda 4-cü nəticə göstərə bilib. Hər iki yarışa 4-cü yerdən başlayan Gülhüseyn aktivinə iki podium yazıb.

Gülhüseyn Abdullayev: “Sənədləşmə gecikdiyi üçün Dubaya ancaq sıralanma turuna gəlib çatdım. Ona görə də ixtiyarımda elə də çox zaman yox idi. Elə sıralanma turunda vurduğum dövrələr zamanı maşını sazlamaya çalışırdım. Hər iki yarışı podiumda başa vura bildim – birinсidə 3-cü, digərində 2-ci oldum. Əminəm ki, məşqlərdə iştirak etsəydim, daha yaxşı sazlanmalarla podiumun yüksək pilləsini qazanardım.

Mövsümə hazırlığım davam edir. Aprelin sonunda və mayın əvvəlində çempionat başlayır. Hələ komandalar və heyətlər tam müəyyənləşməyiblər. Ümid edirəm ki, bu ili rəqabətədavamlı komandada keçirəcəm”.