Bu günlərdə Bryus Vllisin çəkildiyi "A Good Day to Die Hard" ("Əzabla ölmək üçün yaxşı gün") filminə tamaşa edərkən, diqqətimi çəkən şeylərdən biri də, əməliyyatı başa vurmuş qəhrəmanların - Con və Cek Makkleynlərin vətənlərinə Hawker 4000 biznes cetində qayıtması oldu. Mən də bu cet barədə məlumat əldə etmək qərarına gəldim.

Hawker Beechcraft Corporation tərəfindən inşa edilən Hawker 4000 biznes təyyarəsi orta sinif biznes cetlər seqmentində yeni keyfiyyət, uçuş performansı və qiymət standartlarını təyin edən təyyarə kimi təsvir edilir. Bu həqiqətən də belədirmi?

Təyyarənin yaradılması üzərində çalışmalar 1996-cı ildə başlanmışdı. İstehsalçının əsas məqsədi yeni növ biznes təyyarəsini yaratmaq idi. Təyyarənin lahiyələndirilməsinə sıfırdan başlanmışdı. Təyyarənin yaradılması prosesində aviasiya avadanlığının və komponentlərin istehsalı ilə məşğul olan şirkətlər iştirak edirdilər.

Məsələn, Yaponiyanın Fuji Heavy Industries şirkəti Hawker üçün ön flapı olmayan yeni qanadı hazırlamışdı. Pratt&Whitney şirkəti isə, təyyarə üçün güclü və qənaətcil PW 308A reaktiv mühərrikini hazırlamışdı. Honeywell şirkəti də bu işə cəlb edilmişdi - firma təyyarə üçün müasir Primus Epic pilotaj-naviqasiya kompleksini təqdim etmişdi.

Hawker 4000 təyyarəsinin əsas cəhəti çoxqatlı karbonplastikdən hazırlanmış kompozit füzelyajıdır. Üç bölmədən ibarət olan füzelyajın konstruksiyasında kompozit materialların tətbiq edilməsi təyyarənin çəkisini ciddi şəkildə azaltmağa imkan verib. Nəticədə, Hawker 4000 modeli altı sərnişini 870 km/saat (0,82 Max) sürəti ilə 6.075 kilometr məsafəyə apara bilər.

Fuji Heavy Industries şirkətinin hazırladığı yeni qanad sayəsində təyyarə 1585 metrlik uçuş-eniş zolağından uçub qalxa bilir. Hawker 4000 modelinin maksimal sürəti 0,84 Max, maksimal uçuş hündürlüyü isə 13.720 metr təşkil edir.

Füzelajı yaradarkən istehsalçı tərəfindən kompozit materialların istifadəsi təyyarənin salon genişliyini də artırmağa imkan verib. Hawker 4000 modelinin salonun uzunluğu 8,99 metr, eni - 1,97 metr,  hündürlüyü isə 1,83 metr təşkil edir ki, bu da sərnişinlərin salonda sərbəst hərəkət etmələrinə şərait yaradır. Təyyarənin tamamilə rəvan döşəməsi də vizual olaraq salonu genişləndirir.

Hawker 4000 cetinin salonu standart konfiqurasiyada səkkiz sərnişini qəbul edə bilər, korporativ modifikasiyada isə oturacaqların sayını on iki ədədə çatdırıla bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan başqa, təyyarə geniş qarderoba, yaxşı təchiz olunmuş mətbəxə və tualet otağına malikdir. Bundan əlavə, təyyarənin göyərtəsində 2,52 kub metr həcmi olan baqaj bölməsi də vardır. Uçuş zamanı baqaj bölməsinə sərnişin salonundan daxil olmaq da mümkündür. Eyni zamanda, təyyarəyə baqaj yükləmək üçün və ya boşaltmaq üçün əlavə qapıdan istifadə olunur.

Beechcraft Hawker 4000 biznes cetinin təxmini satış qiyməti 22,4 milyon manat təşkil edir.