Lyuis Həmilton bu gün keçirilən Rusiya Qran Prisinin qalibi olub. Mercedes komandası 25-ci dövrədə liderlik edən Valtteri Bottasa komanda yoldaşını irəli buraxmaq əmri verib və fin pilot bu əmri tərəddüdsüz yerinə yetirib. Hətta, bu işdə o qədər canfəşanlıq edib ki, bir anda onun bolidinin xarab olduğu təəssüratı yaranıb.

Rusiya Qran Prisi hər zaman cansıxıcı gedişatı ilə seçilir. Bu dəfə də qaydalardan istisna olmayıb - yarışın ən həyəcanlı anı elə startda baş verib. Yaxşı start alan Fettel əsas rəqibi olan Həmiltona hücum edib. Lakin, Lyuis əsas rəqibinin hücumlarına tab gətirərək ona keçilməyib. Həmiltonla Fettel mübarizə apararkən Bottas rahat şəkildə liderliyini davam etdirib və komanda yoldaşı ilə ara məsafəsini cüzi olsa da artırıb. Bottas liderliyini pit-stopdan sonra da qorumağa müvəffəq olub.

Bottasdan fərqli olaraq Həmilton pitdən Fettelin arxasında çıxıb və dərhal rəqibini təqib etməyə başlayıb. Döngələrin birində Fetteli haqlayaraq ona hücum edən Həmiltonun qarşısnı rəqibi təhlükəli manevr ilə kəsib. Çox güman ki, cəzalandırılacağını anlayan Fettel dərhal rəqibini irəli buraxıb. Artıq qeyd etdiyimiz kimi, 25-ci dövrədə Həmiltonu irəli buraxmaq haqqında əmr alan Bottas 13-cü döngədə bolidini yavaşladaraq komanda yoldaşının liderliyə yüksəlməsinə yardım edib.

Soçidəki yarışın qəhrəmanının isə Maks Ferstappen olduğunu əminliklə söyləmək olar. 19-cu yerdən yarışı Soft şinlərində başlayan gənc hollandiyalı hər dövrədə ötmələr edərək qısa müddət ərzində beşinciliyə qədər yüksəlib. Bu şinlərlə 43 dövrə vuran hollandiyalı yarışa başçılıq da edib. Liderlər arasında sonuncu pit-stopa yollanan Maks Mercedes və Ferrari pilotlarının ardınca yarışı beşinci olaraq bitirib. Onun komanda yoldaşı Daniel Rikkardo yarışı altıncı yerdə bitirib. 

Şarl Lekler yeddinci yerdə finiş görərək Kevin Maqnusseni, Esteban Okon və Serxio Peresi qabaqlayıb. Qeyd etmək lazımdır ki, Force İndia pilotları uzun müddət Kevin ilə mübarizə aparıblar. Onlar hətta yerdəyişmələr edərək danmarkalının müdafiəsini növbə ilə yarmağa cəhd etsələr də, nə Okon, nə də Peres buna nail ola bilməyib.

Rusiya Qran Prisindən sonra 306 xal toplayan Lyuis Həmilton Sebastyan Fetteli 50 xal üstələyir. Soçidə qazandığı ikinci yer sayəsində Bottas da Rəykkoneni 3 xal üstələyərək üçüncülüyə yüksəlib.  Konstruktorlar kubokunda da liderlərin vəziyyəti dəyişilməz qalır - Mercedes 495 xalla liderdir. Onu 442 xalla Scuderia Ferrari və 292 xalla Red Bull Racing təqib edir.

Image alt Image alt Image alt Image alt