Hennessey Performance tüninq atelyesi yeni nəsil Chevrolet Corvette ZR1 superkarı üçün üç təkmilləşdirmələr proqramını hazırlayıb. Onlardan birincisi mühərrikin gücünü 765-dən 862 at qüvvəsinə kimi, sonuncusu isə, 1217 at qüvvəsinə qədər artırmağı nəzərdə tutur.

HRE850 adlanan ilk dəst yeni giriş sisteminin, klapan yaylarının, təkanverici ştanqların və silindr blokunun başlığının quraşdırılmasını nəzərdə tutur. 1000 at qüvvəsinə kimi güc artımını nəzərdə tutan HPE1000 dəstin tərkibinə, göstərilənlərə əlavə olaraq, mexaniki kompressor daxildir.

Növbəti HRE1200 dəsti isə, mühərrikin iş həcmini 6,2-litrdən 7,0-litrə kimi artırılmasını nəzərdə tutur. Əlavə olaraq, mühərrik yeni alüminium porşenləri, döymə sürgü qollarını, dirsəkli valı, interkuleri, kompressoru və silindr başlığını əldə edir.

1217 at qüvvəli Chevrolet Corvette ZR1 superkarı 100 km/saat sürətini 2,2 saniyəyə toplayır və 402 metrlik draq məsafəsini 9,2 saniyəyə qət edir. Avtomobilin maksimal sürəti 370 km/saatı üzərindədir.

Yeni nəsil Corvette ZR1 modelinin təqdimat mərasimi Dubayda keçirilmiş avtosalonda baş tutmuşdur. Kupe 765 at qüvvəsi və 969 Nm fırlanma anı hasil edən 6,2-litrlik kompressorlu V8 mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı yeddi pilləli mexaniki və ya səkkiz diapazonlu avtomatik ötürmələr qutusu ilə təchiz edilir.

Image alt Image alt Image alt