Amerikan Hennessey Performance atelyesi Ford F-150 pikapının ən güclü versiyası olan Venom 800 Supercharged modelini təqdim edib. Təkmilləşdirmələrdən sonra 5,0-litrlik səkkizsilindrli mühərrikin gücü iki dəfədən çox artaraq 816 at qüvvəsinə çatıb.

Hennessey mütəxəssisləri, layihənin əsası olaraq, ikicərgəli kabini olan F-150 Super Crew modifikasiyasını götürüblər. Pikapın təchiz edildiyi 5,0-litrlik V8 mühərriki 0.6 bar gücündə təzyiqi təmin edən kompressora, soyuq havanın verilməsi sisteminə, yeni yanacaq injektorları və nasosa, habelə paslanmayan polad hazırlanmış buraxılış sisteminə sahib olub.

Bütün bu dəyişikliklər sayəsində mühərrikin hasilatı 816 at qüvvəsinə və 986 Nm fırlanma anına qədər yüksəlib. Bu göstəricini əldə etmək üçün E85 bioetanol yanacağında istifadə olunması şərtdir. Müqayisə üçün, səkkizsilindrli HEMI mühərriki ilə təchiz edilən Ram 1500 TRX modeli 712 at qüvvəsinə malikdir.

10-pilləli “avtomat” ilə təchiz edilən tamötürməli Hennessey Venom 800 Supercharged modeli 60 mil/saat (97 km/saat) həddinə 3,6 saniyəyə sürətlənir, dörddə bir mil (402 metr) dreq məsafəsini isə 11,9 saniyəyə qət edir. Pikapın maksimal sürəti  187 km/saatdır.

Yuxarıda göstərilənlə yanaşı, “bərkgedən” pikap altı porşenli supportları və 384 millimetrlik polad diskləri olan yeni Brembo əyləc sistemini və xarici rezervuarları olan amortizatorları əldə edib. Üstəlik, atelye F-150 modelinə 35-düymlük yolsuzluq şinləri olan xüsusi 20-düymlük diskləri quraşdırıb. Pikapın eksteryerindəki fərqlər arasında əlavə LED işıqları olan iri ön bamper, Hennessey yazıları olan  radiator barmaqlığı, habelə salonda və mühərrik bölməsində bərkidilmiş, avtomobilin seriya nömrəsi olan lövhəciklər var.

"Bərkgedən" Hennessey Venom 800 Supercharged modelinin başlanğıc qiyməti 149,500 dollardır. Müqayisə üçün, dördqapılı F-150 Super Crew F-150 modelinin qiyməti 35,650 dollardan başlayır. Hennessey atelyesi Venom 800 Supercharged pikapını  100 nüsxəlik tirajla buraxmağı planlaşdırır. İlk nüsxələr gələn ilin ikinci rübündə müştərilərə çatdırılacaqdırlar.