11-ci nəsil Honda Civic sedanının təqdimatından bir neçə ay keçdikdən sonra, yapon istehsalçısı beşqapılı Civic hetçbekini təqdim edib. Hetçbek də sedan ilə eyni reseptə əsasən hazırlanıb, lakin ciddi fərqlərsiz ötüşməyib.

Honda Civic sedanı ənənəv olaraq Kanadada istehsal olunur, lakin hetçbek ABŞ-da yığılacaqdır. Ən maraqlısı odur ki, Honda nümayəndələri hetçbekin kupeşəkilli profilinin avropalı “sportbəklərdən” ilham alınaraq yaradıldığını bildirirlər. Yeri gəlmişkən, Civic ailsəində artıq əsl kupe olmayacaqdır, səbəb isə bəllidir – tələbatın az olması.

Sedan kuzovlu variantda olduğu kimi, hetçbekin ön dayaqlarını bir qədər geri çəkib, təkər bazasını uzadıb və arxa təkər izini 13 millimetr genişləndiriblər. Hetçbek kuzovunun burulmaya qarşı sərtliyi 19% artırılıb.  Avtomobilin arxa hissəsi təkcə baqaj qapağını əvəzləmiş qapı ilə deyil, həm də arxa fənərlərin özünəməxsus dizaynı ilə seçilir.

Eyni zamanda, hetçbek sedandan 12,4 santimetr qısadır və bu qısalma əsasən arxa kuzov çıxışına təsir edib. Hetçbekin ön tərəfi də barmaqlıqların tərtibatı ilə sedandan fərqlənir.

Qeyd etmək lazımdır ki, hetçbekin baqaj girişinin ölçüsü sələfi ilə müqayisədə 40 millimetr genişlənsə də, baqajın özünün həcmi bir qədər azalıb - 452 litrə qarşı 446 litr. Daha maraqlı bir detal - uzununa deyil, köndələninə açılan yumşaq rulon pərdəsidir. Yığcam çıxarıla bilən modul baqajın sol divarına bərkidilib.

Salonda hər şey tanışdır: hetçbekin standart təchizatına cihazlar panelinin və multimedianın yeddi düymlük displeyi daxildir, daha bahalı versiyalarda isə bu ekranlar, müvafiq olaraq, 10,2 və 9,0 düymlük olacaqdırlar. 12 dinamikli Bose səs sistemi, genişləndirilmiş təhlükəsizlik sistemləri dəsti və digər elementlər dəyişiklik olmadan sedandan hetçbekə köçürülüb.

Image alt Image alt Image alt Image alt Image alt

Bununla belə, Honda tərəfindən hetçbek sedan ilə müqyisədə daha idman xarakterli model kimi səciyyələndirilir. Buna görə də, beşqapılı modelin asqısı və sükan idarəetməsi yeni tənizmləmələrə sahib olub, üstəlik hetçbek mexaniki ötürmələr qutusu ilə təchiz edilə bilər. 

Opsional mexaniki transmissiya 160 at qüvvəli 2,0-litrlik atmosfer mühərriki (Sport versiyası) və 183 at qüvvəli 1,5-litrlik turbomühərrik (Sport Touring variantı) ilə əlçatandır. Alternativ olaraq variator da təklif edilir.

Honda Civic sedanı Amerikadakı diler salonlarında bu ayın əvvəlində peyda olub və 21.700 dollardan başlayan qiymətlər ilə satılır. Hetçbekin istehsalına bir müddət sonra start veriləcəkdir. Modelin qiyməti hələlik açıqlanmayıb. Xatırladaq ki, hetçbek kuzovlu Honda Civic qlobal model olacaqdır.