Honda şirkəti yeni nəsil HR-V krossoverini təqdim edəcəyini bildirib: yeni krossover düz bir ay sonra, yəni 18 fevral 2021-ci il tarixində nümayiş etdiriləcəkdir. Yeni krossoverə marağı artırmaq üçün, yapon markası iki tizeri dərc edərək, onun güc qurğuları barədə bəzi məlumatları açıqlayıb.

Honda tərəfindən nəşr olunan şəkillərdə yeniliyin arxa hissəsi nümayiş etdirilir: şəkildə güclü mailliyə malik olan arxa dayaq təsvir olunub. Arxa pəncərənin üstündə spoyler saxlanılsa da, damdakı antenna-üzgəcdən imtina edilib. Digər fərqlər arasında nazik formalı arxa fənərlər, əyri formalı arxa qapı və formasını yumrudan düzbucaqlıya dəyişən yanacaq çəninin qapağı var.

Honda şirkəti HR-V krossoverinin mühərrik çeşidi haqqında da məlumatı paylaşıb, lakin ətraflı məlumat verməyib. Növbəti nəsil HR-V krossoveri, Honda Jazz hetçbeki və CR-V krossoverində də istifadə olunan iki elektrik mühərriki olan e:HEV hibrid qurğusu ilə təchiz ediləcəkdir. Model ənənəvi mühərriklər ilə təklif olunmayacaqdır.

HR-V modeli, Honda şirkətinin 2022-ci ilə qədər Avropada satılan bütün modellərini elektrikləşdirilməsini nəzərdə tutan Electric Vision strategiyasını həyata keçirmək üçün atacağı növbəti addım olacaqdır. Beləliklə, Honda şirkəti Britaniyada, Almaniyada, İrlandiyada və Hollandiyada benzin və dizel mühərrikləri olan avtomobillərin satışına qoyulacaq qadağalara hazırlaşır. "Ağır" yanacaqla işləyən Honda avtomobillərinin Britaniyadakı dilerlərə tədarükü keçən ilin payızında dayandırılıb.

Honda HR-V modeli son altı ildə ilk dəfədir ki, nəsil dəyişdirəcəkdi: modelin ikinci nəsli 2015-ci ildə debüt edib və 2019-cu ildə yenilənib. Avropada krossover 130 at qüvvəli 1,5-litrlik atmosfer mühərriki, 182 at qüvvəli 1,5-litrlik turbomühərrik və 120 at qüvvəli 1,6-litrlik  i-DTEC 1.6 mühərriki ilə təklif olunurdu.