Honda şirkəti yenilənmiş HR-V krossoverini təqdim edib. Xarici görkəmində müəyyən dəyişikliklər edilən krossover gələn ildən başlayaraq yeni 1,5-litrlik turbomühərrik ilə təchiz ediləcəkdir.

2015-ci ildə istehsalına başlanmış Honda HR-V modeli Jazz hetçbekinin platformasında inşa edilibdir. Yenilənmiş avtomobili əvvəlkindən fərqləndirən əsas cəhət ön tərəfdə quraşdırılan xrom zolaqdır. Bu zolaq vizual olaraq ön fənərləri birləşdirir. Bundan başqa, krossover başqa formalı hava girişləri olan ön bamperə, xrom dekoru olan fənərlərə və yeni formalı gündüz hərəkət işıqlarına sahib olub. Arxa tərəfdə də müəyyən dəyişikliklər nəzərə çarpır: avtomobil tündləşdirilmiş arxa fənərlər və beşinci qapının üzərindəki xrom dekora malik olub.

Üstəlik, avtomobilin bahalı təchizatlı modifikasiyaları işıqdiodlarından fənərlər ilə təchiz ediləcəkdir. 

Yenilənmiş Honda HR-V modelinin salonunda yan dəstəyi və parçası yaxşılaşdırılmış yeni ön kresloları görmək olar. Bahalı versiyalarda isə oturacaqların üzlənməsində dəri-parça üzləməsindən istifadə edilir. Krossoverlərin müəyyən hissəsi aktiv səsboğma sistemi ilə də təchiz ediləcəkdirlər. Sistem iki mikrofonun köməyi ilə səs-küyə nəzarət edərək, dinamiklər vasitəsi ilə onları zərərsizləşdirir.

Texniki cəhətdən də yeniliklər vardır - əsas yenilik 1,5-litrlik turbomühərrikdir. Bənzər mühərrik digər Honda modellərinə də quraşdırılır və versiyasından asılı olaraq 174-205 at qüvvəsi arasında gücə malikdir. HR-V modelində quraşdırılacaq mühərrikin texniki xarakteristikaları hələlik açıqlanmayıb.

Yenilənmiş Honda HR-V modelinin satışlarına bu ilin oktyabrında başlanacaqdır. Lakin, ilk avtomobillər əvvəlki mühərriklər ilə təklif ediləcəkdir. Bunlar 130 at qüvvəli 1,5-litrlik atmosfer mühərriki və 120 at qüvvəli 1,6-litrlik dizeldir. Benzin mühərriki mexaniki və ya avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Dizel isə yalnız mexaniki qutu ilə tandemdə çalışır.