Honda şirkəti bu gün işinə başlamış Los-Anjeles avtosalonunda Passport krossoverini təqdim edib. Honda Passport yapon istehsalçısının model cərgəsində CR-V və Pilot modelləri arasındakı boş qalmış yeri tutacaqdır.

Passport modeli Honda model cərgəsindəki ən utilitar krossover olacaqdır.  Buna bamperlərin rənglənməmiş bölümləri, təkər tağlarının plastikdən genişləndiriciləri, damda yükü bərkitmək üçün relinqlər, qısa arxa kuzov çıxışı və 213 millimetrlik klirens işarə edir. Müqayisə üçün CR-V modeli 208, Pilot isə 185 millimetrlik klirensə malikdir.

İstehsalçı avtomobilin yaxşı yolsuzluq qabiliyyətinin və qoşqu imkanlarının olduğunu bildirib. Krossoverin giriş və çıxış bucaqları, müvafiq olaraq, 20,6 və 26,8 dərəcədir. Yedəyə alınan qoşqunun maksimal çəkisi isə, 2268 kiloqram təşkil edir.

Honda Passport modeli Global Light Truck platformasında inşa edilibdir. Bu platforma öndə McPherson, arxada isə çoxqollu asqının mövcudluğunu  nəzərdə tutur. Yeni modelin şassi komponentləri və kuzov elementləri Pilot krossoveri və Ridgeline pikapı ilə unifikasiya edilib. Avtomobilin təkər bazasının uzunluğu da Pilot modeli ilə eynidir - 2819 millimetr. Krossoverin baqaj bölümünün həcmi 1167-2206 litr təşkil edir. Bundan başqa, baqaj bölümünün döşəməsinin altında 70,8 litrlik xırda əşyaların və ləvazimatların saxlanılması üçün bölmələr vardır.

Yeri gəlmişkən, Honda Passport Pilot modeli ilə nəinki eyni platformanı, hətta eyni mühərriki, transmissiyanı və tam çəkiş sistemini də bölüşür. Krossover 284 at qüvvəsi və 355 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 mühərriki və doqquz diapazonlu avtomatik ötürmələr qutusu ilə təchiz edilir.

Honda Pilot modelindən tanış olan i-VTM4 tam çəkiş sistemi fırlanma anının 70 faizini arxa oxa və tamamilə bir təkərə ötürmək imkanına malikdir. Tam çəkiş sistemi dörd rejimi olan Intelligent Traction Managment (ITM) sistemi ilə tandemdə çalışır.

Honda Passport modelinin təchizatına 20-düymlük təkər diskləri, bütün mövsümlər üçün şinlər, LED işıqtexnikası, rəqəmsal cihazlar paneli, mühərrikin uzaqdan işə salınması, sürücü oturacağının elektriklə tənzimlənməsi, üçzonalı klimat-kontrol, oturacaqların parça ilə üzlənməsi və 5,0-düymlük displeyi olan multimedia sistemi daxildir.

Bundan başqa, krossoverin standart təchizatına Honda Sensing kompleksi də daxil edilibdir. Bu kompleksin tərkibinə aktiv kruiz-kontrol, zolaqda saxlama funksiyası, kor zonalara nəzarət və öndən toqquşmaları xəbərdar edən sistemlər daxildir.

Əlavə ödənişlə Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən Display Auto multimedia sistemini, 590-vatlıq premium səs sistemini, yeddi qurğunu dəstəkləyən 4G LTE Wi-Fi rabitəsini, baqaj qapağının elektrik ötürməsini, birinci və ikinci cərgənin oturacaqlarının qızdırılmasını, havalandırmalı oturacaqları və smartfonların induksion doldurulması sistemini sifariş etmək olar.

Krossoverin istehsalı Honda markasının Alabamadakı zavodunda aparılacaqdır. Passport modelinin ABŞ bazarındakı satışlarına gələn ilin əvvəlində başlanacaqdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt