Baqaj bölməsində əlavə oturacaqlar olan yığcam və nisbətən ucuz krossoverlər Hindistanda ən çox sevilən avtomobillərdir. Məsələn, yerli Mahindra şirkəti, ölçülərinə görə Qashqai krossoveri ilə müqayisə ediləcək modelində doqquz nəfəri yerləşdirməyə müvəffəq olub. İndi isə, belə bir avtomobil Hyundai şirkətinin arsenalında da var. Bu gün Hindistanda Hyundai Alcazar krossoveri təqdim olunub ki, bu da, bir il əvvəl yerli bazara çıxan ikinci nəsil Creta modelinin uzadılmış variantıdır.

Yeni modelin şəkilləri və onun haqqında məlumat azdır, amma əsas detallar məlumdur. Yeni krossoverin təkər bazası 150 millimetr (2760 millimetrə qədər) uzadılıb, arxa qapı girişləri genişləndirilib, arxa kuzov çıxışı bir qədər artırılıb və arxa sütunlarda əlavə pəncərələr peyda olub.

Yeni krossoverin uzunluğu  4,5 metrdir. Şirkətdən yeni Alcazar modelinin kuzovunun75,6% yüksək dayanıqlı poladdan hazırlandığını bildiriblər.

Creta modelinin qeyri-adi görünüşü dəyişdirilib: Alcazar modeli fərqli radiator barmaqlığına (xromla bəzədilib), yenidən işlənmiş fənərlərə, daha böyük duman fənərlərinə və əlavə kandarlara malikdir. Arxa işıqlar da böyüyüb və artıq beşinci qapıda əlavə bölmələrə malikdirlər.

Təəssüf ki, Alcazar modelinin interyeri yalnız eskizdə göstərilib. Təsvirdən göründüyü kimi, salonun ön hissəsinin dizaynı baza Creta modeli ilə eynidir. Qeyd etmək gərəkdir ki, Hyundai Alcazar modeli altı və ya yeddi yerlik salonla təklif ediləcəkdir. Birinci halda, ikinci sırada iri boks ilə ayrılan  iki fərdi oturacaq, ikinci halda isə üç nəfərlik divan quraşdırılacaqdır.

Hyundai Alcazar modelinin mühərrik çeşidi də yenidən işlənib. Yeni model “Kreta”dan U2 ailəsindən olan 115 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən 1.5-litrlik turbodizeli miras olaraq alıb. Ancaq benzinlə çalışan 1.5-litrlik atmosfer və 1.4-litrlik turbomühərrikin əvəzinə, yalnız 2.0-litrlik atmosfer mühərrik təklif olunur.

Köhnə Nu ailəsinə aid olan mühərrik 159 at qüvvəsi və 192 Nm fırlanma anı hasil edir. Mühərrikindən asılı olmayaraq, Hyundai Alcazar modeli mexaniki transmissiya və ya altı pilləli klassik  "avtomat" ilə təchiz ediləcəkdir.

Mexaniki transmissiya ilə təchiz edilmiş benzin krossoveri 100 km/saat həddinə 10 saniyədən az müddətdə sürətlənir. Ötürmə yalnız  ön oxadır: Hindistanda bu sinif avtomobillərin alıcıları 4x4 transmissiyasına ehtiyacı duymurlar, ona görə də, yerli Creta krossoverində tam ötürmə təklif olunmur.

Alcazar krossoveri Hyundai şirkətinin yerli zavodunda buraxılacaqdır. Modelin satışlarına ilin ikinci yarısında başlanacaqdır. "Uzadılmış” Creta krossoverinin digər bazarlarda satılıb-satılmayacağı hələlik məlum deyil.