Hyundai şirkəti noyabr ayının əvvəlində San-Pauluda işinə başlayacaq avtosalonda Saga EV adlı konsepti nümayiş etdirməyi planlaşdırır. Cənubi Koreya istehsalçısının Braziliya bölməsi konseptin tizerlərini dərc edərək, onu “yığcam, elektrik, müasir və şəhər krossoveri” kimi səciyyələndirib. Braziliyalılar bu konseptin “markanın gələcək mütəhərrikliyə baxışı” olacağını da vurğulayıblar.

Braziliya kütləvi informasiya vasitələri konseptin bu ölkədə buraxılan HB20 hetçbekinin növbəti nəslinin, daha dəqiq desək, bütün yollar üçün olan HB20X versiyasının carçısı olduğunu iddia edirlər. “Uğura döğru möhtəşəm səyahət” mənasına gələn “Saga” adı da yerli bölmə tərəfindən seçilibdir.  Yeri gəlmişkən Hyundai markasından olan avtomobillərin Braziliyadakı satışı ilə 1970-ci ildən fəaliyyət göstərən çoxbrendli Group Saga konqlomeratı məşğul olur.

Hyundai HB20 ailəsi 2012-ci ildən Hyundai şirkətinin Braziliyadakı zavodunda buraxılır. Zavodda hetçbek kuzovlu model ilə yanaşı, HB20S adlı sedan da istehsal edilir.  Yeni konsept gələcəkdə bu ailənin daha  geniş olacağından xəbər verir.