Hyundai Motor konserni Ioniq 5 seriya elektromobilini təqdim edib. Orta ölçülü krossover 45 konseptinin cizgilərini miras olaraq alıb, habelə salonun heyranedici transformasiya imkanlarını və tutumunu nümayiş etdirib. Ioniq 5 modelinin yürüş ehtiyatı WLTP dövrünə əsasən 480 kilometrə çatır və batareyanın “superçarcer”dən 10 faizindən 80 faizinə qədər doldurulması 18 dəqiqə çəkəcəkdir.

Ioniq 5 elektrokarı Hyundai tərəfindən xüsusi olaraq elektromobillər üçün hazırlanmış E-GMP modul platformasında inşa edilən ilk avtomobildir. Yeni arxitektura unikal nisbətləri olan bir krossoveri yaratmağa imkan verib: Ioniq 5 modelinin uzunluğu 4635 millimetrə, eni - 1890 millimetrə, hündürlüyü isə 1605 millimetrə bərabərdir. Elektrokrossoverin təkər bazasının genişliyi 3000 millimetrdir.

Ölçülər baxımından Ioniq 5 krossoveri Hyundai Tucson və Santa Fe modellərinin arasında yer tutur. Bununla belə, elektrokar təkər bazasının ölçüsünə görə rekorda imza atıb - elektrokarın təkər bazası Palisade krossoverində olduğundan 100 millimetr çoxdur! Hyundai şirkətinin baş dizayneri Sanq Yup Li seriya krossoverində 45 konseptində tətbiq edilmiş qeyri-adi həll yollarını saxlamağa müvəffəq olub. Bunlara misal kimi, “piksel” işıqlandırma texnologiyasını, çoxqollu 20-düymlük təkər disklərini və qeyri-adi “çapılmış” kuzov formalarını göstərmək olar.

Hyundai Ioniq 5 modelinin yaradıcıları onun salonunu “yaşayış məkanı” ilə müqayisə edirlər. E-GMP platforması sayəsində mühəndislər mərkəzi tuneli aradan qaldırmaq, oturacaq cərgələri arasındakı məsafəni artırmaq və seqment üçün misli görünməmiş salon transformasiyasını təklif edə biliblər. Ön oturacaqlar arasındakı konsol, sərnişinlərin asanlıqla avtomobilə minib-düşməsini asanlaşdırmaq üçün 140 millimetr uzununa hərəkət edir. Ön oturacaqlarda ottomanlar var, habelə sürücü və ön sərnişinə “çəkizlik hissi” bəxş etmək üçün onların kürək hissəsi arxaya əyilə bilər.

Cihazlar panelinin və multimedia sisteminin vahid şüşə altında birləşmiş 12-düymlük ekranları olan ön panel konsepsiyası Mercedes-Benz şirkətinin MBUX kompleksinə bənzəyir. Sükan qolundakı hərəkət rejimlərinin seçilməsi dəstəyi də Mercedes-Benz avtomobillərini xatırladır. Bundan başqa, Ioniq 5 modelində tamamlanmış reallıq texnologiyasına sahib olan Head-Up Display proyeksiya sistemi debüt edib. Elektriklə tənzimlənən oturacaqlar, çoxsaylı USB konnektorları və girişlər standart avadanlıqdırlar. Güzgü yerinə kameralar - opsiyadır. Lakin bu opsiya bəzi bazarlarda təklif edilməyəcəkdir.

Arxa sərnişinlər də diqqətdən kənar qalmayıblar: ikinci sırada yalnız geniş təkər bazasına görə deyil, həm də ön oturacaqların ultra incə kürəkləri sayəsində çox geniş məkan mövcuddur. Arxa sərnişinlər ayrıca iqlim zonası və fərdi hava kanalları ilə təmin ediliblər. Zəruri hallarda, ikinci cərgənin oturacaqları uzununa çəkilə və ya qatlana bilər: bu halda rəvan səth alınır.

Hyundai mütəxəssisləri Ioniq 5 modelinin interyer tərtibatında ekoloji materiallardan istifadə olunduğunu vurğulayıblar. Kreslolar təkrar emal edilmiş plastik şüşədən alınmış parça, eko-dəri və ya bitki mənşəli iplikdən hazırlanmış xüsusi örtük ilə üzlənə bilər. Digər bir “yaşıl” opsiya günəş panellərindən hazırlanmış panoram damdır.

Ioniq 5-in texniki hissəsi dəyişkəndir: arxa ötürməli elektrokarlar 170 (350 Nm) və ya 218 (350 Nm) at qüvvəli elektrik mühərriki ilə təchiz edilir. İkimühərrikli tam ötürməli elektrik krossoverləri 235 və ya 306 at qüvvəsi hasil edən güc qurğusuna malikdirlər. Hər iki qurğunun fırlanma anı 605 Nm-dir. Baza versiyaları 58 kilovat-saatlıq, top versiyalar isə 72,6 kilovat-saatlıq batareya ilə təklif edilirlər.

306 at qüvvəli Ioniq 5 modeli 100 km/saat həddini 5.2 saniyəyə toplayır. Daha tutumlu batareyaya sahib olan arxa ötürməli modifikasiyanın yürüş ehtiyatı WLTP dövrünə əsasən 480 kilometrə çatır. Elektrokarların dinamikası və yürüş ehtiyatı barədə tam məlumat hələlik açıqlanmayıb, lakin bütün versiyaların maksimal sürətinin 185 km/saatla məhdudlaşdırıldığı məlumdur.

Ioniq 5 modelinin xüsusiyyətlərindən biri 400 və 800 volt gərginlikli elektrik yükləmə infrastrukturundan istifadə etmək qabiliyyətidir. “Multi-çarc” elektrokar sahiblərinə istənilən yükləmə cihazından istifadə etməyə imkan verəcək və batareyanın 80 faizinin 350 kilovatlıq “superçarcer”dən doldurulmasına 18 dəqiqə gərək olacaqdır. Ioniq 5 modelinin digər bir cəhəti V2L (Vehicle to Load) texnologiyasıdır - yəni avtomobildən istənilən elektrik cihazlarını qidalandırmaq üçün istifadə etmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ioniq 5 modeli əsas bazarlarda bu ilin birinci yarısının sonuna qədər satışa çıxarılacaqdır. Ioniq brendi, Genesis premium subbrendi kimi, müstəqil şəkildə inkişaf etdiriləcəkdir.