Hyundai şirkəti Starex/Grand Starex modelini yeniləyib. Azərbaycan bazarında H-1 kimi tanınan miniven artıq 10 ildir ki, dəyişmədən istehsal olunur. Avtomobilin utilitar təyinatını nəzərə alsaq belə, bu uzun müddətdir.

Avtomobilin arxadan çəkişli platforması və kuzovun konstruksiyası dəyişməsə də, qalan yeniliklər restaylinq keçmiş avtomobili əvvəlkindən fərqləndirməyə imkan verir.  İlk növbədə dizaynerlər piyadaların müdafiəsini yaxşılaşdırmaq üçün kapotu bir qədər yuxarı qaldırıblar. Bundan başqa, miniven üfüqi optikaya, şəlalə formalı firma radiator barmaqlığına və başqa ön bamperə sahib olub. Axrada isə, yeni fənərləri görmək olar ki, bahalı modifikasiyalarda bu fənərlər işıqdiodlarından hazırlanır. Hyundai Grand Starex modelini xrom radiator barmaqlığına, 17-düymlük təkər disklərinə və işıqdiodlarından dönmə işığı olan yan güzgülər sayəsində tanımaq olar

Yenilənmənin miqyası minivenin salonunda daha aydın görünür. Ön panelin arxitektutası tamamilə yenilənmiş, yeni cihazlar paneli, sükan çarxı və qapı üzlükləri quraşdırılmışdır. Mərkəzi konsolun üzərində multimedia sisteminin displeyi quraşdırılıbdır. Təəssüflər olsun ki, bu interyer yalnız Urban modifikasiyası üçün təklif edilir. Qalan Starex modelləri əvvəlki tərtibata malikdirlər.

H-1 Urban modifikasiyası standart olaraq klimat-kontrol, səkkiz düymlük displeyi və naviqasiyası olan multimedia sistemi, oturacaqların və ön panelin dəri üzlənməsi, həmçinin havalandırılan və qızdırılan ön oturacaqlar ilə təchiz edilir.

Üstəlik Urban modifikasiyası doqquz yerli salona malikdir. Adi minivenlər isə 11 və ya 12 yerli ola bilərlər. Yenilənmiş H-1 modeli üç yerli ön oturacağı və iri yük yeri olan yük-sərnişin modifikasiyasında da təklif edilir.

Image alt Image alt Image alt

Hyundai H1 miniveni əvvəlki kimi arxa və ya tam çəkişlə təklif ediləcəkdir.

Yenilənmiş miniven 140 at qüvvəsi və 353 Nm fırlanma anı təklif edən 2,5-litrlik dörd silindrli CRDi mühərriki və altı pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilir. Bu mühərrikin dəyişən qeometriyalı turbokompressorla təchiz edilimiş variantı 176 at qüvvəsi və 451 Nm hasil edir. Bu mühərrik yalnız beş pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.

Yenilənmiş Hyundai Starex modeli 2017-ci ilin sonundan başlayaraq Cənubi Koreyada 19500 dollardan başlayan qiymətlər ilə satışa çıxarılıb. Yenilənmiş minivenin digər bazarlardakı satışına bu il başlanacaqdır.