Hyundai şirkəti əsasını növbəti nəsil Tucson krossoveri təşkil edəcək yığcam pikap üzərində çalışmalar aparır. Əgər layihəyə “yaşıl işıq” yandırılarsa, yeni pikapın debütünü 2021-ci ildə seyr edə bilərik. Hazırda istehsalçı müxtəlif ölkələrdə olan müştərilərin tələblərini araşdırmaqla məşğuldur.

Yeni modelin hazırlanması barədə məlumatı Automotive News nəşrinə Hyundai Motor şirkətinin prezidenti və icraçı direktoru Li Vonhi bildirib. Onun sözlərinə görə, koreya istehsalçısı bu pikapın köməyi ilə yeni seqment açamq istəyir. Li Vonhi pikapın dizaynının Santa Cruz konseptinə bənzər olacağını da vurğulayıb.

Hyundai nümayəndələri pikapın çoxsaylı satışlarına ümid bəslədiklərini və modelin xüsusi xarakterə malik olacağını bildiriblər. Direktorlar şurasının üzvləri model barədə müsbət qərar verərsə, pikapın hazırlanması və istehsala buraxılmasına 32 ay vaxt tələb olunacaqdır.